21 aprel 2025 13:58
133

Ümummilli Liderin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyəti misilsizdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkənin milli mənəvi dəyərlərinin qorunması və inkişafında misilsiz xidmətlər göstərmişdir. Bu sahədə ən önəmli istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi,inkişafı və zənginləşdirilməsi olmuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə də ana dilimizə xüsusi qayğı və diqqət göstərilmişdir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ulu Öndərin prinsipial mövqeyinin bariz nümunəsidir. Həmin dövrdə sovet ideologiyasının güclü təsiri altında olan bir şəraitdə bu addımı atmaq böyük cəsarət və siyasi iradə tələb edirdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev dilin milli kimliyin əsas atributu olduğunu önə çəkərək onun hüquqi əsaslarını möhkəmləndirməyə başladı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsdiq edildi. Bu, dilin hüquqi statusunu daha da gücləndirdi.

Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanun Azərbaycan dilinin cəmiyyətin bütün sahələrində istifadəsinin təmin olunmasına, dilin saflığının qorunmasına və inkişafına xidmət etdi.

Ulu Öndər bu istiqamətdə yalnız qanunvericiliklə kifayətlənməyib, dil mədəniyyətinin təbliği, orfoqrafik qaydaların təkmilləşdirilməsi, terminologiyanın sistemləşdirilməsi istiqamətində də ciddi təşəbbüslərlə çıxış etmişdir. Onun rəhbərliyi ilə Azərbaycan Orfoqrafiya Lüğəti yenilənmiş və dövlət terminologiya komissiyası yaradılmışdır.

Heydər Əliyev öz çıxışlarında Azərbaycan dilinin təmiz, səlis və ədəbi qaydalarla danışılmasına böyük önəm verirdi. O, gənc nəsli dilimizə hörmətlə yanaşmağa, onu öyrənməyə və təbliğ etməyə çağırırdı. “Hər bir xalqın milli varlığını, milli mənsubiyyətini, milli qürurunu göstərən onun dilidir” – deyən Ulu Öndər, dilin inkişafını milli inkişafın əsas şərti hesab edirdi.

Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatı könüllüsü