21 aprel 2025 13:05
300

Parlamentlərarası əlaqələr inkişaf etdirilir

Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban qonşuluq və dostluq münasibətləri şəraitində yaşamışlar. Hər iki xalqın mədəniyyəti, ənənələri və bir-birinə olan hörməti onları daha da yaxınlaşdırır. Bu dostluq təkcə dövlətlər səviyyəsində deyil, eyni zamanda xalqlar arasında da səmimi münasibətlərin təzahürüdür. Xalqlarımız əvvəlki dövrlərdə olduğu kimi hal-hazırda da öz dostluq, qardaşlıq münasibətlərini yüksək səviyyədə davam və inkişaf etdirirlər, birlikdə daha parlaq gələcəyə doğru addımlayırlar.

16 aprel 2025-ci il tarixində Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına səfəri iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər çərcivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili arasında yüksək səviyyəli görüşlər keçirildi. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olundu. Dövlət başçımız Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Gürcüstanla dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini bildirdi. O, iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın uğurlu inkişaf etdiyini qeyd etdi. Səfər çərçivəsində regional təhlükəsizlik və sabitlik məsələlərinə də toxunuldu. Ölkə başçımız Azərbaycanın və Gürcüstanın Cənubi Qafqazın inkişafında mühüm rol oynadığını vurğuladı. O, həmçinin enerji layihələrinin davamlılığı və təhlükəsizliyi mövzusunda Gürcüstanın əhəmiyyətini qeyd etdi. Prezidentlər birgə bəyənatla çıxış edərək əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyini ifadə etdilər. Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili Azərbaycan rəhbərliyinə və xalqına qonaqpərvərlik üçün təşəkkür etdi. O, Gürcüstanın Azərbaycanla olan münasibətlərə strateji baxışla yanaşdığını bildirdi. Görüşdə həmçinin mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olundu. İlham Əliyev bu sahələrdə ortaq layihələrin reallaşdırılmasının vacibliyini vurğuladı. Ümumilikdə bu səfər Azərbaycan-Gürcüstan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Ölkələrimiz arasında Parlamentlərarası əlaqələr davamlı şəkildə inkişaf etdirilir, imzalanmış müqavilələr əməkdaşlığın hüquqi bazasını formalaşdırır. İki dost və qardaş ölkə, sözün əsl mənasında bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində həm Gürcüstan, həm də Azərbaycan dövlətləri zəruri addımlar atır. Biz tam əminik ki, Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında formalaşmış sıx qarşılıqlı faydalı əməkdaşlıq region xalqlarının rifahına çox mühüm töhfələr verəcək. Dövlətlərimiz arasında enerji nəqli və logistika ilə bağlı layihələr nəinki region dövlətlərinin tərəqqisinə xidmət edəcək, o, cümlədən də Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan – Gürcüstan dostluğu əbədi və sarsılmaz olacaq.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi