Xalqımızın kimliyini, tarixini və mənəvi varlığını yaşadan ən mühüm amillərdən biri onun dilidir. Məhz buna görə də müstəqil Azərbaycanın siyasi kursunda dil siyasəti daim prioritet istiqamətlərdən biri kimi qiymətləndirilib. Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Bu dil əsrlərin sınağından keçmiş, bəzən qadağalarla üz-üzə qalmış, lakin heç vaxt sarsılmamışdır. Bu gün Azərbaycan dili öz doğma torpağında dövlət dili statusuna sahibdirsə, bu, hər şeydən öncə xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Təbii ki, indi böyük qürurla danışdığımız dilimizi qorumaq heç də asan olmamışdır. Sovet hökuməti vaxtlarında, xüsusilə də 1970-ci illərdən sonra milli dillərə qarşı ideoloji təzyiqlərin artdığı bir dövrdə dil məsələsini gündəmə gətirmək böyük cəsarət tələb edirdi. Qeyd edək ki, 1977-ci il Sovet Konstitusiyası milli dillərin sıxışdırılmasına yeni hüquqi çərçivə yaratdı. Belə bir siyasi mühitdə az qala bütün respublika rəhbərləri susmağa üstünlük verdiyi halda, Azərbaycanın rəhbəri Heydər Əliyev dil məsələsində açıq mövqe sərgilədi. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi sıradan bir hüquqi akt deyildi. Bu, azərbaycançılıq məfkurəsinin ilk böyük təntənəsi, milli iradənin ilk böyük təzahürü idi.
Ümumillli lider Heydər Əliyev Azərbaycan dilinə münasibətdə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi, eyni zamanda, dilimizin daha da inkişafı üçün yeni meyarlar yaratdı. Xüsusilə 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olaraq təsbit edilməsi, milli dövlətin hüquqi və ideoloji simasını formalaşdırdı. Bu, həm də dilin rəsmi-mənəvi statusunun bütün sahələrdə təminatı üçün hüquqi zəmin yaratdı. Ardınca 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, dilin yalnız hüquqi statusunu deyil, onun praktik tətbiqinin təmin olunmasını da dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Həmin sənədlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması üçün real idarəetmə mexanizmləri yaradırdı.
Ümummilli liderin dil siyasəti bu gün də uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev rəhbərliyi ilə aparılan milli siyasət nəticəsində Azərbaycan dili daha da gücləndirilmiş, qlobal səviyyədə tanınan bir dilə çevrilmişdir. Təhsil, media, diplomatiya və informasiya texnologiyaları sahəsində dilimizin mövqeyi ilbəil güclənir. Yeni nəsil vətəndaşın ana dili ilə yüksək səviyyədə təchiz olunması dövlətin strateji hədəfləri sırasındadır. Həmçinin avqustun 1-nin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis olunması, dilin tədrisinə yönəlik islahatlar, terminoloji komissiyaların fəaliyyəti və digər tədbirlər ana dilimizin inkişafının davamlılığını təmin edir.
Bir sözlə, çağdaş dünyada doğma dilimizə sahiblənmək və onu daha da inkişaf etdirmək müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq anlamını verir. Ona görə ki, biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da öz ana dilimizi yaşatmadan heç bir halda inkişaf edə bilmərik. Ümummilli liderimiz bu barədə demişdir: «Biz fəxr edirik ki, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dili dünya dilləri içərisində layiqli yerini tutmuşdur.»
İsmayıl İbrahimov,
YAP Haçıqabul rayon təşkilatının sədri