Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş bu münasibətlər inkişaf edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşdırıb.
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də qarşılıqlı həyata keçirilən rəsmi səfərlərdir. 16 Aprel 2025-ci il tarixində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfər etməsi mühüm önəm kəsb etməsi ilə yanaşı eyni zamanda, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini bir daha təsdiq edir.
Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezidentlərin görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib.
Müstəqillik illərində Azərbaycanın və Gürcüstanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bu uğurlu əməkdaşlıq illər ərzində bütün istiqamətlərdə genişləndirilib və bu gün nümunəvi xarakter daşıyır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM, QDİƏT və digər təsisatlarda daim bir-birini dəstəkləyir, həmrəy mövqe nümayiş etdirirlər.
Torpaqlarımız işğal altında olarkən, postmüharibə dövründə Gürcüstan hər zaman Azərbaycanla çiyin-çiyinə olub. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə siyasi-hərbi komponenti ilə deyil, iqtisadi, humanitar, mədəni əlaqələr baxımından çox önəmli xarakter daşıyır. Bildiyiniz kimi, yüzminlərlə soydaşımız Gürcüstanda yaşayır. Bu da tarixi köklərimizin möhkəm olması üçün əlavə stimuldur. Təbii ki, son zamanlar, xüsusən müstəqillik əldə etdikdən sonra Gürcüstan bizim Qərbə, Avropaya açılan qapımız, pəncərəmiz olub. Azərbaycanın bütün regional və qlobal layihələrinin Gürcüstan da tərkib hissəsidir. Həmçinin, Gürcüstan son zamanlar Avropa İttifaqı ilə münasibətlər kontekstində də çox önəmli rol oynayıb.
Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Ölkəmiz Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsinin, dayanıqlı sülhün bərqərar olmasının tərəfdarıdır. İllərdir Gürcüstan ilə Azərbaycan arasında möhkəm dostluğa əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq da ölkəmizin bu istiqamətdəki əzminin göstəricisidir. Bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Bu istiqamətdə nəzərdə tutulan layihələrin icrası ilə bu sahədəki fəaliyyət daha da genişləndiriləcək.
Azərbaycan və Gürcüstan arasındakı son illər yüksək səviyyədə davam edən əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək, aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri