21 aprel 2025 12:20
124

Azərbaycan dili xalqımızın qədim sərvətidir

Heç kəsə sirr deyil ki, qloballaşan dünyamızda hər bir xalqın, hər bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Hər bir xalq öz dili ilə yaranır”. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Bu gün böyük fəxarətlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var.

Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun qeyd etdiyi kimi: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”. Məhz Ulu Öndərin cəsarəti, qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri nəticəsində keçmiş SSRİ-nin 27 aprel 1978-ci il tarixində qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamanki  reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1970-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirərək, Ana dili ilə bağlı dövlət siyasətinin təməlini qoydu. Məhz, Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Sonralar da Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində, həmçinin dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalanmışdır. Belə ki, 2001-ci ildə imzalanmış fərmana əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi təsis olunmuşdur.

Ana dilimizin inkişafı və qorunması işi qanunvericilik səviyyəsində də davam etdirildi. Belə ki, 30 sentyabr 2002-ci il tarixində Azərbaycan Parlamenti “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu qəbul etdi.

Bu gün Ümummilli Liderin layiqli davamçısı olaraq Prezident İlham Əliyev Ana dilinin inkişafı və qorunmasına yönəlik dövlət strategiyasını uğurla davam etdirərək, dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bu gün artıq dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizdə həyata keçirilən böyük tədbirlər vasitəsilə bu günə qədər dünya xalqlarını təmsil edən milyonlarla insanın ana dilimiz haqqında təəssüratları formalaşmaqdadır.

Təsadüfi deyil ki, Azərbaycan dili istər qədimliyi, istərsə də zənginliyi, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır.

Yeni çağırışlara cavab verən müasir dünyamızda dil, mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, cəmiyyətin mövcudluğunun davamlılığını artırmaq, qorumaq üçün bir imkandır. Bu səbəbdən inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan qəhrəman xalqımız əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.

Bu baxımdan, hər bir Azərbaycan övladı Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində müdrik xalqımıza miras qalan, Konstitusiyamızın ayrılmaz hissəsi olan, suverenliyimiz, birliyə çağırış, azərbaycanlıların vəhdətini təmin edən ən qiymətli milli sərvəti – Azərbaycan dilini bundan sonra da göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

Ulu Öndər gənc nəslin Ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəmnində mənimsəməsini tövsiyə edərkən vurğuladığı kimi, “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Tarixini bilməyən isə heç vaxt vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq”.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı