21 aprel 2025 10:30
87

Ulu Öndər Heydər Əliyev və Ana dili

Tarixin yaddaşında elə şəxsiyyətlər var ki, onların adı sadəcə bir dövrü deyil, bütöv bir millətin varlığını, kimliyini, ruhunu ifadə edir. Bu şəxsiyyətlərdən biri də müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevdir. Onun fəaliyyəti təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin, o cümlədən Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində də silinməz izlər buraxmışdır.

Azərbaycan dili bizim üçün sadəcə bir ünsiyyət vasitəsi deyil; bu, tarixin min illərdən süzülüb gələn səsidir, xalqın yaddaşı, şairlərin könül pıçıltısı, nənələrin laylası, qəhrəmanların nidasıdır. Bu dilə sahib çıxmaq, onu yaşatmaq isə böyük bir məsuliyyət, əslində, milli borcdur. Məhz Ulu Öndər Heydər Əliyev bu məsuliyyəti özünün siyasi amalına çevirdi. 1978-ci il – sovet imperiyasının sərt qaydalarının hökm sürdüyü bir dövrdə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması – məhz Heydər Əliyevin iradəsinin və milli irsə bağlılığının təntənəsidir. Bu, yalnız hüquqi bir maddə deyildi – bu, bir xalqın öz səsinə sahib çıxması idi.

Ulu Öndər Heydər Əliyev üçün ana dilinə hörmət sadəcə siyasi bir çağırış deyildi. O, dəfələrlə çıxışlarında vurğulayırdı: “Hər bir xalqın milli varlığı, ən böyük sərvəti onun dilidir. Dilini itirən millət öz varlığını da itirər”. Məhz bu düşüncənin nəticəsidir ki, onun təşəbbüsü və rəhbərliyi ilə müstəqillik illərində Azərbaycan dilinin rəsmi statusu Konstitusiyada yenidən təsbit olundu, latın qrafikalı əlifbaya keçid həyata keçirildi, dilin tədrisi və təbliği üçün dövlət proqramları hazırlandı. Heydər Əliyevin iradəsi ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu qanun  minillik köklərə bağlı olan Azərbaycan dilinə yeni bir nəfəs verdi.

Ulu Öndər Heydər Əliyev nitqlərində Azərbaycan dilindən son dərəcə zərifliklə və ustalıqla istifadə edirdi. Onun danışıq tərzi, seçdiyi sözlər, verdiyi nümunələr, istinad etdiyi klassiklər – dilin bütün gözəlliklərini özündə əks etdirirdi. O, hər çıxışı ilə gənclərə və ziyalılara dilə necə hörmətlə yanaşmağı öyrədirdi. Çünki o bilirdi ki, dilinə sahib çıxmayan xalq gələcəyinə də sahib çıxa bilməz.

Bu gün Azərbaycan dili dünya azərbaycanlılarının birliyi və bəşəriyyətə təqdim etdiyi mədəni dəyərlərin daşıyıcısıdır. Bu gün Azərbaycan dili məktəblərdə, universitetlərdə, televiziyalarda, beynəlxalq tribunalarda səslənirsə, bunun arxasında Heydər Əliyev uzaqgörənliyinin və müdrik siyasətinin bünövrəsi dayanır. O, dilə sadəcə sevgiylə yox, dövlət düşüncəsi ilə yanaşırdı. Bu da onu sadəcə lider yox, milli kimliyin qoruyucusu edirdi.

 Ulu Öndər Heydər Əliyev – bu ad Azərbaycan tarixində bir millətin ayağa qalxışı, dirçəlişi və gələcəyə inamı ilə birgə çəkilir. Onun Azərbaycan dilinə olan sevgisi isə, bir ömürlük sədaqətin, vəfanın və vətənpərvərliyin ifadəsidir. Hər dəfə ana dilimizdə düşünəndə, danışanda, yazanda əslində Onun ruhuna bir təşəkkür pıçıldayırıq: “Təşəkkürlər, Ulu Öndər, Ana dilimizi yaşatdığın üçün…”

Nuranə Qarayeva,
204 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi