21 aprel 2025 12:47
152

Siyasi iradə və böyük uzaqgörənlik

Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb.

Ana dili hər bir xalqın kimliyini, mədəniyyətini və milli ruhunu yaşadan müqəddəs dəyərdir. Azərbaycan xalqının milli varlığını qoruyub saxlamaq, dilini yaşatmaq və inkişaf etdirmək isə hər bir vətəndaşın borcu olduğu kimi, bunu təmin edən böyük şəxsiyyətlərimizin də tarixi xidmətidir. Bu baxımdan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dili qarşısındakı xidmətləri əvəzsizdir.

Azərbaycan dilinin Konstitusiyada rəsmi dil kimi qəbul olunması ilk dəfə 1978-ci ildə baş vermişdir. Həmin dövrdə Azərbaycan Sovet Sosialist Respublikası idi və SSRİ-nin tərkibində idi. O dövrdə rus dili əsas ünsiyyət vasitəsi sayılır, milli dillərin rəsmi səviyyədə tanınması isə çox çətin məsələ idi. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin rəsmi statusu daxil edildi. Bu, xalqımızın milli ruhunu yaşatmaq üçün çox mühüm bir addım idi.

Müstəqillik dövründə Ulu Öndər bu siyasəti daha da gücləndirdi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 2002-ci ildə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu qanun sayəsində ana dilimizin hüquqları daha da genişləndi, dövlət qurumlarında, təhsil sistemində və cəmiyyətdə Azərbaycan dilinin mövqeyi möhkəmləndirildi.

Ulu Öndər Heydər Əliyevin ən böyük töhfələrindən biri də Azərbaycan əlifbasının latın qrafikasına keçirilməsi idi. 2001-ci ildə imzalanmış fərmanla latın qrafikalı əlifbaya keçid təmin olundu. Bu, milli və müasir yazı sistemimizə keçid baxımından çox mühüm bir addım idi.

Heydər Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan dilinin zəngin və gözəl olduğunu vurğulamışdır. Onun dilə olan münasibəti yalnız bir dövlət rəhbərinin münasibəti deyil, həm də bir ziyalının, bir vətəndaşın dilinə olan sevgisinin təzahürü idi. Heydər Əliyev Azərbaycan dilinin yalnız keçmişinə deyil, bu günü və gələcəyinə də böyük töhfələr vermişdir. Onun bu sahədə gördüyü işlər nəticəsində Azərbaycan dili:

   •          Tam hüquqlu dövlət dili statusu qazanmış,

   •          Təhsilin və elmin dili kimi inkişaf etmiş,

   •          Milli birliyin və mədəni kimliyin əsas dayağına çevrilmişdir.

Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan dili həm ölkəmizdə, həm də beynəlxalq aləmdə tanınır, tədris olunur və öyrənilir. Bizlər – gənc nəsil bu dili qoruyub gələcək nəsillərə ötürməliyik.

Nuranə Nəbili,
204 nömrəli məktəbin müəllimi