Müasir Azərbaycanın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin tariximizin hər səhifəsində özünəməxsus tarixi əhəmiyyətli addımları olmuşdur. Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən müstəqil Azərbaycan planlarını quran uzaqgörən siyasətçinin bütün fəaliyyəti Azərbaycançılıq, millətçilik üzərində qurulmuşdur. SSRİ-də rəhbər vəzifədə çalışdığı zaman hər fürsətdə Azərbaycan üçün böyük işlər görmüş, aldığı qərarların gələcəkdə qurulacaq Azərbaycan üçün nə qədər faydalı olacağını zərgər dəqiqliyi ilə hesablamışdır. Məhz, belə qərarlardan biri də doğma ana dilimiz-Azərbaycan dilinin rəsmi dövlət dili kimi tanınması ilə bağlı olmuşdur. SSRİ-nin tərkibində olan zaman ziyalılarımız, tarixçi-dilçi alimlərimiz tərəfindən dəfələrlə dilimizin dövlət dili kimi tanınmasına cəhd edilsə də buna nail olunmamışdır.
Ulu Öndərimizin Azərbaycan SSRİ-yə rəhbərliyi dövründə 1978-ci ildə Azərbaycan SSR-nin III Konstitusiyası qəbul edilmişdir. Həmin Konstitusiyada ölkəmizin dövlət dilinin Azərbaycan dili olması göstərilmişdir. Bu qərar həmin dövr üçün Azərbaycanın tarixi-siyasi qələbəsi hesab olunurdu. SSRİ-nin tərkibində olan on beş dövlətdən cəmi üç dövlətin konstitusiyasında dövlət dilinin öz ana dili olması ilə bağlı qərar olmuşdur. Bu dövlətlərin sırasında Azərbaycanın da olması vətənimizin milli əqidəli oğlu, türk dünyasının fəxri, dünya siyasətçilərinin hesablaşdığı Qurucu Prezident Heydər Əliyev sayəsində olmuşdur. Öz çıxışlarında dəfələrlə dilimizin əhəmiyyətindən bəhs edən, hər bir millətin öz ana dilində təhsil almaq hüququnun olduğunu bildirən ulu öndərimiz hər zaman dilimizlə fəxr etməli olduğumuzu gələcək nəsillərə bildirmişdir.
Nitqlərində Türk dilləri qrupuna aid olan iyirmi üç dil içərisində ən zəngin dilin Azərbaycan dili olduğunu qürurla vurğulamış və millətimizin bu dili qoruyub yaşatmağa borclu olduğunu bildirmişdir. Millətin var olması üçün onun dili, dilin var olması üçün millət var olmalıdır. Bizlərin də vətəndaş, millət olaraq borcu sələflərimizdən əmanət olan bu dili qorumaq, yaşatmaqdır.
Gülgün Həşimova,
Bakı şəhər, Xətai rayonu, Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin müəllimi