18 aprel 2025 14:52
148

Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Aprelin 18-də Baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Baş prokurorluğun və Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə inzibati binada Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin inkişafı istiqamətində atılan mühüm addımların bariz nümunəsidir. Yeni inzibati binanın istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir. Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür. Məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir. İstifadəyə verilən yeni inzibati bina həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək.

Sonda Baş prokuror Kamran Əliyev kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.