18 aprel 2025 10:12
125

Qardaşlığa, dostluğa söykənən əməkdaşlıq

Azərbaycanın Gürcüstanla sıx müttəfiqlik münasibətləri mövcuddur. Təkcə bir faktı xatırladaq ki, iki ölkənin birgə həyata keçirdikləri neft-qaz layihələri (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.), eləcə də nəqliyyat-kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, həmçinin Avrasiya regionunun nəqliyyat və enerji xəritəsinə mühüm yeniliklər gətirib. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Yeri gəlmişkən, hazırda Azərbaycan Gürcüstanla birlikdə yaşıl enerji layihələrini uğurla həyata keçirir. Bu istiqamətdə reallaşdırılan layihələrdən biri də “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi”dir. 

Elə bu kimi səbəblərdən Cənubi Qafqazda möhkəmlənmək istəyən Qərb, xüsusilə Fransa iki ölkə arasındakı əməkdaşlığa qısqanclıqla yanaşır. Fitnəkar qüvvələr nəyin bahasına olursa-olsun Azərbaycanla Gürcüstan arasındakı dostluğu pozmağa çalışırlar. Bütün bunlara baxmayaraq iki ölkənin münasibətləri gündən-günə möhkəmlənməkdədir. Aprelin 15-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri bunu bir daha sübut etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarında bütün bunlardan söz açdılar. Bildirdilər ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Təəssüflə həm də qeyd olunub ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib.

Göründüyü kimi, bu gün müstəqil siyasət yürüdən Azərbaycanla Gürcüstan bölgədə sülh naminə bu kimi təzyiqləri dəf etmək üçün səylərini birləşdirib və eyni platformadan çıxış edirlər. Hər iki ölkə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.  Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi və lokal antiteror tədbiləri zamanı Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələr sırasında olub. Bu mənada demək olar ki, bu gün Azərbaycanla Gürcüstan arasındakı münasibətlər qardaşlığın və dostluğun ən yüksək zirvəsindədir.

Danılmaz faktdır ki, bu gün Qərbin möhkəmlənmək istədiyi Cənubi Qafqaz regionunun taleyi Azərbaycan və Gürcüstandan birbaşa asılıdır. Şübhəsiz, hər iki ölkənin əməkdaşlığın, inkişafın tərəfdarı olmaları həm də bölgədə təhlükəsizliyə xidmət edir. Yəni, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də iki ölkənin birgə marağında olan məsələdir. Bu prosesə Ermənistandan fərqli olaraq Qərbə səcdə etməyən Gürcüstan və Cənubi Qafqazın lider dövləti Azərbaycan öz töhfəsini verir. Yeri gəlmişkən, Gürcüstan Prezidenti Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayıb.

Şübhəsiz, belə yüksək səviyyəli görüşlər əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir. Bu mənada Gürcüstan Prezidentinin səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verəcəyi, yeni uğurlara imza atılacağı şübhəsizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”