“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müəyyən beynəlxalq dairələri, o cümlədən Fransanı ciddi narahat edir. Çünki dövlətimizin erməni işğalçılarını torpaqlarımızdan qovması ilə Fransa kimi ölkələrin Cənubi Qafqazdakı planlarını pozub. Bu səbəbdən də, rəsmi Paris davamlı olaraq ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Fransa “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe ortaya qoyur. Bu ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibətini bildirib və fransız nazirin iddialarını rədd edərək pisləyib. Bəyanatda qeyd olunduğu kimi, Fransanın siyasətindəki ikili yanaşma, yəni sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət isə regionda davamlı sülh perspektivlərinə mane olur.
Millət vəkilinin sözlərinə görə, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi Cənubi Qafqazda sülh üçün ən böyük təhdidlərdən biridir. Sülh sazişinin mətni razılaşdırılsa da, Ermənistanın yerinə yetirməli olduğu bəzi şərtlər var. Rəsmi Paris bunu anlamalıdır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
“30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının müşahidə missiyası adı altında öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa “təftiş” aparmağa çalışıb. Eləcə də, Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu. Beləliklə, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ərazi bütövlüyünü və suverenliyi bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradır. Dövlətimiz Fransanın bu regionda məkrli planlar həyata keçirməsinə imkan verməyəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.