Tarixin yaddaşında iz qoyan şəxsiyyətlər zaman keçdikcə daha da ucalır, onların fəaliyyəti yeni nəsillər üçün örnəyə çevrilir. Məhz belə örnəklərdən biri də ömrünü insanlara xidmətə, elmə və Vətənə həsr etmiş akademik, tanınmış oftalmoloq-alim Zərifə Əziz qızı Əliyevadır. 15 aprel - görkəmli alimin anım günü onun zəngin həyat yolunu bir daha xatırlamaq, elmi və mənəvi irsini dərindən dəyərləndirmək üçün əhəmiyyətli bir tarixdir.
1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya göz açan Zərifə Əliyeva orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə institutu əla qiymətlərlə başa vurmuşdur. Gənc yaşlarından elmə maraq göstərən Zərifə xanım həyatının bütün mərhələlərində fədakarlıqla çalışaraq xalqına xidmət etməyi özünə borc bilmişdir.
Zərifə xanım 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayaraq, elmi və pedaqoji fəaliyyətini praktik həkimliklə yanaşı davam etdirmişdir. 1960-cı illərdə traxoma kimi ağır infeksiyanın qarşısının alınmasında bu dünya şöhrətli alimin xüsusi rolu olmuşdur. Gərgin elmi axtarışların nəticəsi olaraq “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Zərifə xanımın təklif etdiyi müalicə metodikası qısa müddətdə bütün respublikada tətbiq edilmiş, nəticədə traxoma xəstəliyinin kökü kəsilmişdir.
Dünya şöhrətli oftalmoloq kimsəsiz uşaqlara və onların sağlamlığına xüsusi diqqət yetirmiş, uşaq evlərində yayılan xəstəliklərin qarşısının alınmasında fəal iştirak etmişdir. O, şəhər və rayonları qarış-qarış gəzərək maarifləndirici məruzələrlə çıxış etmiş, həkimləri düzgün müalicə üsullarına yönləndirmişdir.
Zərifə xanımın doktorluq dissertasiyası – “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı əsəri Moskva şəhərində müdafiə olunaraq böyük elmi qiymət almışdır. Dünya şöhrətli alim peşə patologiyası, virus mənşəli göz xəstəlikləri, qlaukoma və iltihabi proseslər üzrə onlarla fundamental tədqiqatın müəllifi olmuşdur. 12 monoqrafiyası, 150-yə yaxın elmi məqaləsi, dərslik və vəsaitləri ilə oftalmologiya elminə əvəzsiz töhfə vermişdir. Zərifə xanım uzun illər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dərs demiş, 1983-cü ildən institutun oftalmologiya kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda, oftalmoloq-alim gənc həkimlərin yetişməsində, onların elmi istiqamətinin formalaşmasında misilsiz rol oynamışdır. Cəmiyyətə həkimin mənəvi obrazını təqdim edən “Yüksək etimad” adlı kitabı bu sahədə dəyərli vəsaitdir.
Elmi fəaliyyətinə görə bir çox orden və medallarla təltif olunan Zərifə xanım 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə Əliyeva müxtəlif ictimai təşkilatlarda, o cümlədən Sülhü Müdafiə Komitəsində fəal iştirak etmişdir. Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Zərifə Əliyevanın şəxsiyyətini fərqləndirən ən mühüm cəhətlərdən biri onun səmimiliyi, sadəliyi və insanlara bağlılığı olmuşdur. O, elmi və ictimai fəaliyyətini ailə həyatı ilə mükəmməl şəkildə uyğunlaşdıran bir nümunədir. Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə yaratması da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli və faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən cənab İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirmişdir. Bu səbəbdən Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhu şaddır. Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini - əbədi məhəbbətini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır. Heç şübhəsiz, bu, onun ən böyük və qiymətli mükafatıdır.
3 noyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda onun mənalı ömür yolu, yüksək mənəvi keyfiyyətləri və tibb elminə verdiyi mühüm töhfələr xüsusi vurğulanmışdır. Dövlət səviyyəsində qeyd olunmuş yubiley çərçivəsində elmi konfranslar, kitab nəşrləri və digər tədbirlər təşkil edilmişdir. Zərifə xanım Əliyeva övladlarına həm də yüksək mənəvi dəyərlər aşılamışdır. Onun zəngin daxili aləmi, zəkası və zərifliyi ailə mühitində xüsusi bir ahəng yaratmışdır.
Zərifə Əliyevanın həyat və fəaliyyəti bir insanın elm, vicdan, əxlaq və mərhəmətlə necə böyük zirvələr fəth edə biləcəyinin bariz nümunəsidir. O, öz adı ilə tibb elminə, Azərbaycan ziyalılıq ənənəsinə və humanist dəyərlərə əbədi möhür vurmuşdur. Hər bir həkim, hər bir alim və hər bir insan onun irsindən nümunə götürə bilər.
Nurlan Həsənov,
Milli Məclisin deputatı