Monteneqro Azərbaycanın investisiyalarını alqışlayır və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün bir neçə prioritet sektorlarda əhəmiyyətli potensial görür.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə Monteneqronun baş nazirin müavini və xarici işlər naziri Ervin İbrahimoviç 11-13 aprel tarixlərində Türkiyədə keçirilmiş Antalya Diplomatik Forumu (ADF) çərçivəsində müsahibəsində danışıb.
O bildirib ki, sözügedən sektorlara turizm, enerji, infrastruktur və kənd təsərrüfatı daxildir. Onun sözlərinə görə, bütün bu sahələrdə Azərbaycanın sahib olduğu təcrübə və kapital Monteneqronun iqtisadi baxımdan inkişafına əhəmiyyətli töhfə verə bilər.
“Uğurlu investisiya əməkdaşlığımızın parlaq nümunəsi Portonovi layihəsidir – Monteneqro sahillərində həyata keçirilən və yüksək keyfiyyətli, strateji investisiyaları təcəssüm etdirən simvolik bir layihədir. Biz bu cür investisiyaları cəlb etməyə və genişləndirməyə çalışırıq. Ənənəvi sahələrlə yanaşı, dayanıqlı inkişaf, rəqəmsal keçid və innovasiyaya yönəlmiş sahələrdə yeni imkanları araşdırmağa da hazırıq. Bu isə Monteneqronun inklüziv və şaxələndirilmiş inkişafı təmin etmək üzrə uzunmüddətli strateji prioritetləri ilə sıx bağlıdır”,- Monteneqronun Baş nazirinin müavini İbrahimoviç bildirib.
Baş nazirin müavini qeyd edib ki, Monteneqro və Azərbaycanı uzun illərin dost və konstruktiv ikitərəfli əlaqələri birləşdirir və bu əlaqələr qarşılıqlı hörmət və əməkdaşlığın dərinləşdirilməsi təmayülünə əsaslanır.
“Hazırkı prioritetlərimiz siyasi dialoqun fəallaşdırılmasına və enerji, turizm, ticarət, infrastruktur və mədəniyyət kimi əsas strateji istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə yönəlib. Eyni zamanda, Monteneqronu ziyarət edən Azərbaycanlı turistlərin sayının artmasından məmnunluğumuzu bildirmək istərdim. Bu, başlıca olaraq mövsümi birbaşa hava əlaqəsinin təşkili sayəsində mümkün olub,” - İbrahimoviç əlavə edib.
O, Bakıda hər iki ölkənin xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında keçirilmiş son siyasi məsləhətləşmələri xatırladaraq, bu görüşlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə olan ortaq meyilləri təsdiqlədiyini bildirib.
“Hər iki tərəf parlamentlərarası dialoqun fəallaşdırılması və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasına hazırlığın sürətləndirilməsi niyyətini ifadə edib. Bu komissiya bizim tərəfdaşlığımızı konkret və qarşılıqlı faydalı nəticələrə çevirmək üçün mühüm bir mexanizmdir”,- Monteneqronun baş nazirinin müavini qeyd edib.
Enerji əməkdaşlığı
İbrahimoviç Monteneqro hökümətinin strateji tərəfdaşlıqlar və regional əməkdaşlıqlar yolu ilə ölkəsinin enerji təhlükəsizliyinin və dayanıqlığının artırılmasına möhkəm sadiqliyini vurğulayıb.
“Bu kontekstdə Azərbaycan mühüm və etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Biz enerji təchizatının şaxələndirilməsinə dəstək üçün lazımı hüquqi-normativ bazanın yaradılması üzərində aktiv iş aparırıq və bu istiqamətdə Azərbaycanın bizim regiondakı fəaliyyətini diqqətlə izləyirik. Bəzi strateji layihələr Cənub-Şərqi Avropada enerji əməkdaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir, bu arada Monteneqro faydalanan tərəf və potensial tranzit marşrutu kimi nəzərdən keçirilir. Bu kontekstdə biz Azərbaycanla enerji sektorunda, ələlxüsus qaz tədarükü və investisiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsinə maraq göstəririk”, - o əlavə edib.
Monteneqronun Azərbaycana planlaşdırılan səfərləri
“Bakıda keçirilmiş uğurlu siyasi məsləhətləşmələrdən sonra biz hazırda cari il ərzində planlaşdırılmış bir sıra yüksək səviyyəli səfərləri əlaqələndirməkdəyik. Bu təmaslar ikitərəfli gündəmimizin daha da möhkəmlənməsinə və əməkdaşlığın geniş spektr üzrə dərinləşməsinə töhfə verəcək,” - İbrahimoviç bildirib.
Onun sözlərinə görə, xüsusilə önəmli hadisələrdən biri Monteneqro–Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının qarşıdan gələn iclası olacaq.
“Ümid edirik ki, bu görüş nəticəsində ticarət, investisiyalar və sektoral əməkdaşlığın gücləndirilməsinə, habelə iqtisadi tərəfdaşlığımıza yeni təkan verilməsinə yönəlmiş praktiki addımlar atılacaq”,- Monteneqronun baş nazirinin müavini əlavə edib.
Monteneqronun Antalya Diplomatik Forumundakı gündəmi
“Antalya Diplomatik Forumu xarici siyasət və qlobal təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli dialoq üçün dünyanın aparıcı platformalarından biri kimi özünü inamla təsdiqləyib. Builki mövzu – "Parçalanmış dünyada diplomatiyaya qayıdış" – Monteneqronun xarici siyasət baxışları və dəyərləri ilə dərin şəkildə səsləşir. Bu mövzu bizim dəstəklədiyimiz prinsipləri - dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanı əks etdirir – ələlxüsus da artan gərginlik və qlobal qütbləşmə dövründə”, – İbrahimoviç qeyd edib.
Onun sözlərinə görə, builki Forumda Monteneqro beynəlxalq münasibətlərin təməl daşı kimi diplomatiyaya inamın bərpasının təxirəsalınmaz zərurətinə diqqət yönəldib.
“Hazırki qlobal turbulentlik şəraitində həqiqi dialoq - sadəcə bir variant deyil, bu bir zərurətdir. Biz regional və qlobal tərəfdaşlarla məzmunlu müzakirələr aparmaq imkanından istifadə edib, sürətli şəkildə dəyişən geosiyasi şərait fonunda çoxtərəfliliyə, münaqişələrin dinc yolla nizamlanmasına və regional əməkdaşlığa olan dəyişməz sadiqliyimizi bir daha təsdiqləmiş olduq”,- Monteneqro baş nazirinin müavini sonda bildirib.