10 aprel 2025 20:14
190

Ankarada Türk dünyasının qeyri-hökumət təşkilatlarının əməkdaşlıq yolları müzakirə olunub

Aprelin 10-da Ankaranın Ticarət Palatasında türk dövlətlərinin qeyri-hökumət təşkilatları (QHT) arasında əməkdaşlığın dərinləşdirilməsi, fəaliyyətin koordinasiyası və ümumi inkişaf strategiyasının formalaşdırılması mövzusunda müzakirələr aparılıb.

“İki sahil” xəbər verir ki, müzakirələrin təşkilatçıları “EkoAvrasiya” Fondu, İpək Yolu Qeyri-Hökumət Təşkilatı və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Assosiasiyası (TÜRKSİT) olub.

Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibinin müavini Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, Ankara Ticarət Palatasının rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Müzakirələri açan K.Zorlu türk dövlətlərinin vətəndaş cəmiyyəti sahəsində yaxınlaşması və həmrəyliyinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Türkiyə qardaş ölkələrlə dialoqa töhfə verməyə sadiqdir. Xüsusilə, hakim partiya təqribən 220 QHT nümayəndələrinin iştirakı ilə genişmiqyaslı tədbir keçirməyi planlaşdırır.

Siyasətçi türk dövlətlərinin uğurlu əməkdaşlıq nümunəsi kimi Türk Dünyası Polis Akademiyaları Platformasının yaradılması ilə bağlı razılaşmanı qeyd edib.

AKP nümayəndəsi tədbir iştirakçılarını martın 21-nin Türkiyədə rəsmi bayram elan edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması barədə də məlumatlandırıb. “Novruz bayramı ilə bağlı qanun layihəsi tezliklə hazır olacaq”, - deyə o bildirib.

K.Zorlu qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan 21 mart tarixinin Türk Dövlətləri Təşkilatının (TDT) ümumi bayramı elan edilməsi ilə bağlı təklif irəli sürməyi planlaşdırır. Bu təklifin TDT-nin Budapeştdə keçiriləcək sammitində səsləndiriləcəyi və 2026-cı il martın 21-də Türkiyədə bütün Türk dünyasından nümayəndələrin toplanacağı gözlənilir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında türk dövlətlərinin gələcəkdə daha da birləşəcəyinə əminliyini ifadə edib. “Ölkələrimizin həmrəyliyi və ortaq inkişaf vizyonu Türk dünyasının uğurunun təminatıdır”, - deyə o vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni Türk dünyasında birlik və həmrəyliyin təmin olunması yolunda mühüm addım adlandırıb. “Azərbaycanın Qələbəsi TDT ölkələrinin yaxınlaşmasında mühüm rol oynadı, ədalətsizliklə üzləşən hər kəs üçün ümid mənbəyinə çevrildi”, - deyə T.Rüstəmxanlı bildirib və antitürk dairələrin planlarının həyata keçməsinə imkan verilməməsinə çağırış edib. Onun sözlərinə görə, Türk dünyasının maraqları hər cür siyasi ambisiyalardan üstün olmalıdır.

Tədbir panel müzakirələri ilə davam edib.