07 aprel 2025 18:31
105

Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub

Bəzi xarici şirkətlərdən Azərbaycana cari dövr ərzində idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa tətbiq olunub.

Belə ki, Ukraynanın “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub.

Həmçinin Belarusun SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliyanın“Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustanın “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiyanın “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.