07 aprel 2025 22:19
100

Torpağın altındakı təhlükə

Ölkəmizin ərazisinin təxminən 13 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Minalar səbəbindən əksəriyyəti mülki şəxslər olmaqla yüzlərlə insan həyatını itirib və ya ciddi xəsarətlər alıb. Onu da vurğulayaq ki, minalar təkcə birbaşa təhlükə yaratmır, həm də kənd təsərrüfatı, tikinti və infrastruktur layihələrinin qarşısını alır, bölgənin dirçəlişini ləngidir. 

Torpaqlarımızda basdırılmış həmin minalar bu gün də fəsadlar törətməkdə davam edir. Yəni, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədirlər. Belə ki, aprelin 6-da isə Ağdam rayonunun Qalayçılar və Cəbrayıl rayonunun Mehdili kəndləri ərazilərində mina hadisəsi baş verib. Baş verən mina partlayışları nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıblar. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə isə xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Bütün bunlar bir daha göstərir ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artmaqda davam edir.  Qeyd edək ki, 2020-ci ilin 10 noyabr tarixindən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsində 400-ə yaxın insan həlak olub və ya yaralanıb. Ümumilikdə, 1991-ci ildən indiyədək 3400 nəfərdən çox soydaşımız minalardan zərər çəkib. Kim bilir, hələ neçə-neçə mina öz qurbanlarının yolunu “gözləyir”. Şübhəsiz, bütün bunlar ermənilərin ərazilərimizdə basdırdıqları minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməmələri ucbatından baş verir.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistandan minalanmış ərazilərin dəqiq mina xəritələrini tələb etdi: “Amma Ermənistan bu istiqamətdə hər hansı bir addım atmadı. Sadəcə, 25 faizi reallığı özündə əks etdirən mina xəritələrini təqdim etməklə kifayətləndi. Ermənistan bu gün də mina sahələrinin tam və etibarlı xəritələrini təqdim etməkdən imtina edir. Halbuki, bu, beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Bununla da təcavüzkar ölkə demək olar ki, Azərbaycana qarşı apardığı müharibəni davam etdirmək niyyətində olduğunu bildirdi”.

Ekspert təəssüflə bildirdi ki, insan haqlarından dəm vuran Qərb təsisatları  hələ də ölkəmizin üzləşdiyi bu faciəvi proseslə bağlı hansısa addım atmayıb: “Özlərini dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bu bəşəri cinayətlə bağlı Ermənistanı sərt şəkildə qınamır, hələ də susurlar. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın ölkəmizə qarşı apardığı mina müharibəsinə reaksiya verməli və bununla bağlı kəskin tələblərini irəli sürməlidir. Başqa sözlə desək, təcavüzkar ölkəni məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməlidirlər”.

R. Məmmədlinin fikrincə, işğal dövründə  haylar tərəfindən ərazilərimizə basdırılmış minalar regionda sülhün bərqərar olmasına, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinin aparılmasına ciddi təhdid yaradır: “Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.  Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin mina terroru ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanatında bu məqamlara bir daha toxunulub. Onu da deyim ki, Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə xərclənmiş vəsaitin yalnız 6 faizə yaxını xarici donorlar vasitəsilə edilib. Amma nə yaxşı ki, bu məsələni həll etmək üçün bizim ölkəmizin iradəsi, həm də maliyyə resursları var. Sadəcə, buna vaxt tələb olunur. Yəni, bu məsələnin bütövlükdə həllinə  onilliklər lazımdır. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi təmizlənib. Görünən odur ki, Ermənistan dəqiq mina xəritələrini verməyəcəyi təqdirdə Azərbaycan bu problemi təkbaşına həll etmək məcburiyyətində qalacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”