Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Naziliyinin (ETN) birgə qərarı ilə respublikanın bütün ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsinə başlanılıb.
“İki sahil” xəbər verir ki, müsabiqəyə 26 ali təhsil müəssisəsinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna olmaqla) əyani şöbələrində təhsil alan tələbələr qatıla bilərlər.
Seçim turu 3 mərhələdə olmaqla aprel ayında Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir və Sumqayıt Xankəndi şəhərlərində keçiriləcək.
Qaliblər yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək, Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, konsert mayın 16-da Heydər Əliyev Sarayında keçiriləcək.