ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask Prezident Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.
“İki sahil” "Associated Press"ə istinadla xəbər verir ki, o, bunu İtaliyada keçirilən "Liqa Konqresi"ndə videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - Mask bildirib.
İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-yə də şamil olunmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. O, idxal mallarına minimum 10 % rüsum təyin edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi rüsumlar müəyyən edib. Bundan başqa, Vaşinqton aprelin 3-dən ölkəyə gətirilən bütün avtomobillərə 25 % rüsum tətbiq edib.
Tədbirlər Çin (34 %), Aİ (20 %), Vyetnam (46 %), Hindistan (26 %), İndoneziya (32 %), Kamboca (49 %), Malayziya (24 %), Koreya Respublikası (25 %), Tailand (36 %), Tayvan (32 %), İsveçrə (31 %), Yaponiya (24 %) və bir sıra digər ölkələrə təsir edib.