Qərbin bəzi dairələri, o cümlədən Avropa Parlamenti Cənubi Qafqaz regionuna hələ də təcavüzkar Ermənistanın maraqları prizmasından baxırlar. Bu məsələdə sanki Fransa ilə Avropa Parlamenti yarışa girib.
Qərəzli qətnamələrinin sayı hesabı bilinməyən Avropa Parlamenti onların saırasına daha birini əlavə edib. Belə ki, bir müddət öncə qurum tərəfindən ölkəmizə qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin azad olunması ilə bağlı "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnamə qəbul edilib. Halbuki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Şübhəsiz, Avropa Parlamenti tərəfindən qəbul edilən bu qətnamə Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna xələl gətirməkdən və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirməkdən başqa bir şey deyil. Eyni zamanda, Markon Fransası tərəfindən idarə olunan Avropa Parlamentinin bu cür siyasi motivli hərəkətləri regionda sabitliyə xidmət etmir, yalnız gərginliyi artırır, davamlı sülhə nail olmaq perspektivlərini də sarsıdır. Bəli, Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycana qarşı növbəti qərəzin nümayişidir. Bu, həm də onu sübut edir ki, Avropa Parlamenti Cənubi Qafqaz regionuna hələ də təcavüzkar Ermənistanın maraqları prizmasından baxır. Bir sözlə, Avropa Parlamentinin bu qətnaməsi həmişəki kimi Ermənistanı dəstəkləmək, Cənubi Qafqazda erməni avantürasının saxlanılmasına kömək göstərmək mahiyyəti daşıyır.
Avroparlamentarilər elə düşünürlər ki, qətnamələr qəbul etməklə, rəsmi Bakı ilə təzyiq, ultimatum dilində danışmaqla Azərbaycana təsir göstərə biləcəklər. Amma onlar unudurlar ki, heç bir ədalətsiz ittiham rəsmi Bakını qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Avropa Parlamentində bir qayda olaraq həmişə anti-Azərbaycan mövqe sərgilənir: “Yəni, hər dəfə avroparlamentarilər heç bir əsası olmayan bu və ya digər məsələni bəhanə edərək ölkəmiz əleyhinə dezinformasiya xarakterli ittihamlar səsləndirir, eyni zamanda, hansısa sənədin qəbul edilməsinə çalışırlar. İndi də onlar Qarabağda qanunsuz şəkildə fəaliyyət göstərmiş rejimin üzvlərinin ittiham olunduqları cinayətlərlə bağlı aparılan məhkəməyə qarşı sözün həqiqi mənasında hücuma keçiblər. Hətta utanıb-qızarmadan həmin şəxsləri gah “siyasi məhbus”, gah da “hərbi əsir” kimi qələmə verirlər. Halbuki, hazırda ölkəmizdə nə siyasi məhbus var, nə də hərbi əsir. Bununla da Avropa Parlamenti mən deyərdim ki, təxribat xarakterli addımlar atır. Digər tərəfdən, rəsmi Bakı dəfələrlə Ruben Vardanyanın, Arkadi Qukasyanın, Araik Arutyunyanın və digərlərinin çox ağır cinayətlər törətməkdə ittiham olunduqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”.
Həmsöhbətimiz, həmçinin qeyd etdi ki, bu gün onlar məhkəmədə bir sıra məqamlarla bağlı etiraflar edirlər: “Məsələn, Bako Sahakyan Qarabağa silah-sursatın Ermənistandan gətirildiyini, Araik Arutyunyan Azərbaycan ərazisinə hücumların təşkili ilə bağlı qərarların İrəvanda verildiyini, həmçinin qondarma “Qarabağ müdafiə ordusu”nun Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə tabe olduğunu bildiriblər. Şübhəsiz, bu etiraflar Ermənistanın Azərbaycana birbaşa hərbi təcavüzünü bir daha təsdiq edir. Görünür, Avropa parlamentarilərini narahat edən də budur”.
Xəyal Bəşirovun fikrincə, onların əməlləri təkcə Azərbaycan xalqına qarşı törədilən cinayət hesab olunmamalıdır: ”Onların bu əməlləri bəşəriyyətə, beynəlxalq hüquqa qarşı addımlar kimi dəyərləndirilməlidir. Yəni, demək istəyirəm ki, Avropa Azərbaycanın bu addımını təqdir etməlidir, təşəkkürünü bildirməlidir. Amma onlar nə edirlər? Utanıb-qızarmadan ölkəmizə qarşı əsassız iddialar səsləndirirlər, qətnamələr qəbul edirlər. Şübhəsiz, bu kimi addımlar sözügedən quruma başucalığı gətirməyəcək. Bir də parlamentarilər birdəfəlik anlamalıdırlar ki, belə iddialarla, qərəzli qətnamələrlə Azərbaycan əsla təsir edə bilməyəcəklər”.
Qvami Məhəbbətoğlu, “İki sahil”