01 aprel 2025 23:14
175

Sülh, dialoq və dayanıqlı inkişafın platforması

Bakı müasir çağırışların həllində beynəlxalq əməkdaşlığa yeni yanaşmalar təqdim edir

Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından mühüm bir mərkəzə çevrilib. Ötən ilin noyabr ayında ölkəmizdə COP29 iqlim konfransının uğurla təşkil olunması bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Ardınca, daha dəqiq desək, bu il martın 13-15-də paytaxtımızda keçirilən XII Qlobal Bakı Forumu da Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu önəmli platformalardan biri kimi mövqeyini möhkəmləndirdiyini göstərdi. Forum “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuşdu. Müasir dünyada baş verən geosiyasi dəyişikliklər, iqlim böhranı, enerji təhlükəsizliyi və yeni texnologiyaların yaratdığı çağırışlar tədbirin əsas müzakirə mövzuları sırasında idi. Forumda iştirak edən siyasətçilər, ekspertlər və nüfuzlu liderlər qlobal problemlərin həllində birgə yanaşmaların əhəmiyyətini vurğuladılar.

Qlobal Bakı Forumu dünyanın mühüm problemlərinin müzakirə edildiyi beynəlxalq platformalardan biri kimi qəbul olunur. Adının Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu tədbirlərlə bir sırada çəkilməsi onun qlobal səviyyədə təsir imkanlarını göstərir. Budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirakı onun beynəlxalq əhəmiyyətinin getdikcə artdığını bir daha təsdiqləyir. O cümlədən 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlərin bir araya gəlməsi Forumun qlobal səviyyədə geniş maraq doğurduğunu göstərir. Bu qədər yüksək səviyyəli iştirakçıların Qlobal Bakı Forumuna qatılması, həmçinin burada müzakirə olunan məsələlərin aktuallığı tədbirin beynəlxalq nüfuzunu daha da artırır.

Bütün bunlar göstərir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən Forum artıq dünya miqyasında tanınan və qlobal gündəlikdəki əsas problemlərin həllinə töhfə verən bir tədbir statusunu qazanıb. Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbir həm də ölkənin strateji mövqeyini gücləndirir və onu qlobal dialoqun aparıcı iştirakçılarından birinə çevirir.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir”. Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Forumun önəminə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib”.

Bu reallıq bir daha təsdiqləyir ki, Qlobal Bakı Forumu artıq ən mühüm beynəlxalq platformalardan birinə çevrilib və burada qaldırılan məsələlər qlobal gündəliyin formalaşmasına əhəmiyyətli təsir göstərir. Qlobal Bakı forumlarının əsas xüsusiyyətlərindən biri də müzakirəyə çıxarılan mövzuların geniş diapazona malik olması və beynəlxalq gündəmdəki aktual problemlərin əhatə olunmasıdır. 2013-cü ildən etibarən keçirilən bu forumlarda dinlərarası və mədəniyyətlərarası dialoq, regiondakı siyasi və təhlükəsizlik prosesləri, etnik münaqişələr və qlobal çağırışlar kimi məsələlər daim diqqət mərkəzində olub. XII Qlobal Bakı Forumu da bu ənənənin davamı olaraq, beynəlxalq gündəmdəki mühüm məsələlərə toxunub. Qlobal siyasətin mürəkkəbləşdiyi bir dövrdə çoxtərəfli diplomatiyanın rolu, çoxqütblü dünya nizamının formalaşması, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənindəki mövqeyi kimi vacib mövzular müzakirə olunub. Bu, Forumun yalnız regional deyil, qlobal miqyasda təsir imkanlarının genişləndiyini və dünya siyasətində vacib platformaya çevrildiyini göstərir.

Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi və qlobal proseslərdə aktiv rol oynaması, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və strateji baxışının nəticəsidir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, iqtisadi və siyasi islahatları, eləcə də yaradılan əlverişli biznes mühiti ölkəmizin beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.

Bu kontekstdə Azərbaycanın dünyaya təqdim etdiyi ən mühüm dəyərlərdən biri də onun multikulturalizm və tolerantlıq ənənələridir. Beynəlxalq platformalarda, o cümlədən Qlobal Bakı forumlarında bu dəyərlərin təbliği ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı mühüm rolu bir daha ön plana çıxarır. Azərbaycanın multikulturalizm sahəsində uğurlu modeli onun tarixi ənənələri və bugünkü unikal reallıqları ilə sıx bağlıdır. Dünyada milli, dini və irqi dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan etnik və dini müxtəlifliyin ahəngdar şəkildə mövcud olduğu bir ölkə kimi tanınır. Ölkəmiz tarixən Qərblə Şərqin qovuşduğu məkanda yerləşərək, müxtəlif sivilizasiyalar arasında təbii körpü rolunu oynayıb. Bu gün də Azərbaycan bu missiyanı uğurla davam etdirərək, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqində önəmli rol oynayır.  Qlobal Bakı Forumu təkcə yüksək səviyyəli beynəlxalq tədbir deyil, həm də Azərbaycan reallıqlarının dünyaya təqdim edildiyi bir platformadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur: “Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır”.

XII Qlobal Bakı Forumunun gündəliyi də bu mövzuların aktuallığını bir daha sübut etdi. Bu da Azərbaycanın dünyada strateji dialoq mərkəzi kimi rolunu bir daha nümayiş etdirdi. Azərbaycanın multikulturalizmi təşviq etməsi, beynəlxalq arenada konstruktiv mövqedən çıxış etməsi və qlobal problemlərin həllində aktiv iştirakı Forumun nəticələrinin səmərəli olacağına inam yaradır.

Göründüyü kimi, Bakı artıq beynəlxalq səviyyədə qəbul olunan mühüm siyasi və intelektual platformaya çevrilib. Şübhə yoxdur ki, burada səsləndirilən ideyalar və müzakirələr gələcəkdə dünya siyasətinə, mədəniyyətlərarası əməkdaşlığa və sülhün möhkəmləndirilməsinə öz töhfəsini verəcək.   

Nigar Orucova, “İki sahil”