01 aprel 2025 11:29
254

Faciələrimizi unutmamalıyıq!

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam erməni faşizminin dünya ictimaiyyətinə tanıdılması, daşnakların dövlətimizə və xalqımıza qarşı işğalçılıq, soyqırımı cinayətlərinin açıqlanması baxımından çox mühüm addım oldu. 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi hadisələr haqqında əsl həqiqətin üzə çıxarılmasında qiymətli və etibarlı mənbə olan arxiv sənədlərinin araşdırılması nəticəsində bəlli oldu ki, sərsəm “böyük Ermənistan” xəyalı ilə yaşayan ermənilər görünməyən vəhşiliklərin müəllifləridirlər. Azərbaycan torpaqlarına qonaq qismində gəlsələr də sonradan özlərini ev sahibi kimi aparan ermənilərin “dənizdən-dənizə” ideyasını həyata keçirmək istəyi azərbaycanlıların kütləvi qırğınları ilə nəticələndi.  Tarixə nəzər salaq. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.  1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə  Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Dövlət başçısı  İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı bildirmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.

30 illik işğal dövrünün faciələrindən bəhs edərkən  1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalı soyqırımını xüsusi qeyd etməliyik.  Bir gecədə dağıdılan Xocalıda 613 dinc əhali xüsusi amansızlıqla qətlə yetirildi, 487 nəfər əlil oldu, 1275 nəfər girov götürüldü.

Tarixə qısa baxış əsasında belə bir  ümumiləşdirilmə aparılır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırılması, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması, bir daha təkrarlanmaması üçün həqiqətlərin araşdırılmasına bu gün də böyük  ehtiyac vardır.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri