20 mart 2025 00:58
106

Novruz milli birliyin, həmrəyliyin və təbiətin oyanışının rəmzidir

Novruz bayramı yalnız təbiətin oyanışını simvolizə etməklə kifayətlənmir, həm də cəmiyyətin daxili harmoniyasını və milli birliyi gücləndirən dərin fəlsəfi və sosial mənalar daşıyan bir bayramdır. Novruz xalqımızın mənəvi dəyərlərinin, adət-ənənələrinin və mədəniyyətinin bir ifadəsi olaraq  cəmiyyətin bir araya gəlməsinə, ailə və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli İki sahil.TV-yə müsahibəsində qədim mədəniyyətlərin və ənənələrin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində Novruz bayramının rolundan danışdı.

- Nailə xanım, Novruz bayramının cəmiyyətin mənəvi tərbiyəsində və ictimai həmrəyliyin möhkəmləndirilməsində hansı fəlsəfi və sosial rolu var?

- Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən-əsillərə ötürülmüşdür. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin və xeyirxahlığın rəmzidir. Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da xalq öz bayramını unutmadı. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Qürurla qeyd etməliyik ki, məhz Ümummilli Liderin sayəsində xalqımız öz adətlərinin, milli dəyərlərinin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.

Novruzun dövlət səviyyəsində bayram edilməsi onun əhəmiyyətini daha da artırırdı. Ulu Öndər hər il Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti, sevgi və inamı təcəssüm etdirir.

- Novruz bayramının bəşəri və universal dəyərlərlə səsləşməsi nədən irəli gəlir? Onu digər bayramlardan fərqləndirən əsas fəlsəfi cəhətlər hansılardır?

- Novruz bayramı həm bəşəri, həm də universal dəyərlərlə sıx bağlı olan bir bayramdır. Onun mənəvi dərinliyi və fəlsəfi məzmunu Novruzun dünya miqyasında geniş şəkildə qeyd edilməsinə səbəb olan əsas amillərdən biridir. Bayram yalnız Azərbaycan xalqı üçün deyil, eyni zamanda digər ölkələrdə və xalqlarda da təbiətə, insanlığa və birliyə verdiyi dəyər ilə seçilir. Novruzun bəşəri və universal dəyərlərlə səsləşməsi  həm onun dərin fəlsəfi məzmunu, həm də cəmiyyətə olan müsbət təsiri ilə əlaqədardır. Bu onu digər bayramlardan fərqləndirən mühüm cəhətlərdən biridir.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək” kimi kampaniyaların Novruz fəlsəfəsinə uyğunluğu, onların ekoloji və sosial təsiri barədə nə deyə bilərsiniz?

- Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan «Hərəyə bir ağac əkək» kampaniyası bu gün də davam etdirilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Novruz Bayramı, təbiətin oyanışı, həyatın yenilənməsi və yeni başlanğıcların simvoludur. Bu fəlsəfə təbiətə olan hörməti, birlik və həmrəyliyi təşviq edir. Mehriban Əliyevanın ağac əkmək təşəbbüsü də eyni dəyərlərə xidmət edir və həm cəmiyyətin təbiətə olan münasibətini müsbət istiqamətdə dəyişir, həm də sosial həmrəyliyi gücləndirir.

- Novruz Bayramı, Azərbaycan mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından hansı əhəmiyyətə malikdir?

- Bu Bayram  xalqın ənənəvi həyat tərzini və mədəniyyətini əks etdirən, ailə və cəmiyyətin birliyini, həmrəylik ruhunu gücləndirən bir bayramdır.  Novruz Bayramı ictimai həmrəylik və milli birlik üçün bir platforma rolunu oynayır. Bayram günlərində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar bir araya gəlir, eyni dəyərlər ətrafında birləşir, ortaq sevinc və paylaşım mühiti yaranır. Bu cəmiyyətin daxilində qarşılıqlı anlaşma, dostluq və qardaşlıq hisslərini möhkəmləndirir. Ənənəvi olaraq Novruzda küsülülərin barışması, ehtiyacı olanlara yardım göstərilməsi, birlik süfrələri və şənliklərin təşkili sosial ədalət və empatiya kimi dəyərlərin də təşviqinə səbəb olur. Novruz həm də mədəni yaddaşın qorunması baxımından əhəmiyyətlidir. Bu bayram vasitəsilə nənələrimizin, babalarımızın miras qoyduğu adət-ənənələr yaşadılır və gənc nəslə ötürülür. Milli mədəniyyətin və folklorun təbliğində, xalq oyunları, musiqi, rəqs və şifahi ədəbiyyat nümunələrinin yaşadılmasında Novruz bayramı xüsusi yer tutur. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.  Artıq beşinci ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər  bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”