14 mart 2025 16:30
86

Hökumətin hesabatı uğurlu dövlət siyasətini əks etdirir - Sadiq Qurbanov

Öncə "Konstitusiya və Suverenlik İli"ndə müzakirə etdiyimiz Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında Hesabatına dəstəyimi ifadə edirəm. Çünki bu hesabatda göstərilən uğurlar cənab Prezidentimiz İlham Əliyevin çox səmərəli idarəçilik keyfiyyətlərinin, düşünülmüş, bir-birini tamamlayan və bir-birini gücləndirən iqtisadi, sosial, hüquqi, humanitar, ekoloji siyasətin uğurlu tətbiqinin nəticəsidir. Uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun davamlılığının dayandığı qeyd etməliyik. Unutmamalıyıq ki, dahi rəhbərin uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür. Hələ 30 il əvvəl xalqımız Heydər Əliyev  zəkasının  süzgəcindən keçən, dünyanın ən demokratik, tarixi reallıqlara uyğun, insana dəyəri bütün prinsiplərin mərkəzində saxlayan konstitusiyasını qəbul etmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncamında deyilir: "Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır". 

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisin martın 14-də keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında bildirib.

Komitə sədri qeyd edib ki, sosial dövlət prinsipinə əsaslanan Azərbaycan Konstitusiyası vətəndaşların rifahına yönəlib və insanın ləyaqətinin toxunulmaz olduğunu və dövlətin bu ləyaqətin qorunmasına cavabdehliyini qeyd edərək onların sosial təminat hüquqlarını açıq şəkildə müdafiə edir: "Hər bir vətəndaşın Prezidenti olmağı qarşısına məqsəd qoyan cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun, eyni zamanda dünyanın aparıcı dövlətinə çevirib. Dünyada ən irimiqyaslı və mötəbər COP29 kimi bir tədbirin keçirilməsi də buna bariz nümunədir. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, Azərbaycanın strateji və etibarlı dövlət kimi nüfuzunun artmasına xidmət etmişdir".
 
Sadiq Qurbanov vurğulayıb ki, hesabatda təqdim olunan iqtisadi göstəricilər, əks olunan rəqəmlər, milli səviyyədə siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, möhkəmləndirilməsini ifadə etməklə, həm də iqtisadiyyatın inkişafını, xalqının mənəvi irsinin qorunmasını, dirçəldilməsini və s. xarakterizə edir: "Ümumi daxili məhsul istehsalının 2023-cü ilə nisbətdə 4,1 % artımı, qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər xüsusi qürurvericidir.
Qeyd etmək yerinə düşərdi ki, adambaşına düşən ÜDM-in həcmi iqtisadiyyatın vəziyyətini, son nəticədə dövlətin, ordunun gücünü, əhalinin sosial vəziyyətini əks etdirirsə, onun strukturu, illik artımı və ÜDM-ə nisbəti isə ölkənin strateji hədəflərindən irəli gəlməklə, dövlət siyasətini və iqtisadiyyatın inkişaf istiqamətini əks etdirir. Bu mənada sənaye sahəsinin ÜDM-də payının 36 faizə çatması ölkəmizin inkişaf etmiş sənaye ölkəsi kimi güclənməsini əks etdirir. Turizmin 2023-cü ilə nisbətən 13 faiz artaraq son nəticədə ÜDM-də payının 2,4 faizə çatması da ölkəmizin beynəlxalq imicinin formalaşması və cəlbediciliyini ifadə edir. Bunu rəqəmsal sektor barədə də deyə bilərik".

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji istehsalı və infrastrukturunun inkişafı sahəsində dünyada özünü əsas oyunçu kimi uğurla təsdiq edib, enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib və şaxələndirib, regionun enerji təhlükəsizliyinə və sabitliyinə töhfə verib, ölkənin qlobal enerji birliyinə inteqrasiyasını təmin edib: "Energetika sahəsində siyasətin uğurlu olmasının, qlobal strateji  düşüncə və planlaşdırılmaya əsaslanmasının bir sübutu da ondadır ki, Azərbaycan Aralıq dənizində qaz yatağının işlənilməsi üçün yaradılan beynəlxalq konsorsiumda "Şevron" kimi bir nəhənglə bir yerdə iştirak edəcək.  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən edilmişdir ki, həmin prioritetə uyğun olaraq, enerji sektorunda həyata keçirilən bütün islahatlar həm ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, həm ekoloji tarazlığın qorunması və həm də iqtisadi inkişafın davamlılığının təmin edilməsi istiqamətində atılan mühüm addımlardır. Milli Məclis üzvləri olaraq ölkədə aparılan bütün iqtisadi siyasəti dəstəkləyir, fəaliyyətimizdə hökumətin nəzərdə tutduğu işlərin həyata keçməsi üçün qanunvericilik bazasının möhkəmlənməsinə çalışırıq".  

Sadiq Qurbanov hökümət üzvlərinin diqqətinə çatdırıb ki, 3 mart 2025-ci il tarixində Milli Məclisin sədri Sahibə xanım Qafarovanın  tövsiyəsi ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda hökumətin tərkibinə daxil olan aidiyyəti qurumların və elm adamlarının iştirakı ilə ətraflı içtimai müzakirə keçirib: "Prezident Administrasiyası və Nazirlər Kabinetinin səlahiyyətli nümayəndələrinin bu müzakirələrdə iştirakı vahid dövlət siyasətinin, eyni zamanda, hakimiyyət qolları arasındaki möhkəm iş birliyinin göstəricisi kimi qiymətləndirilməlidir. Nəfis şəkildə bizə təqdim olunan Hesabatın son səhifələrində komitə olaraq qaldırdığımız
1. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" olduğunu nəzərə alaraq ekoloji sahəyə diqqətin daha da artırılması.
2. Ekoloji fəlakət yaşayan Hacıqabul gölünün qismən və ya mərhələli şəkildə bərpa edilməsinə diqqətin yetirilməsi
3. kənd təsərrüfatı sahələrində əkin suyu ilə təminat sahəsində problemlərin aradan qaldırılması
kimi məsələlərə diqqətlə yanaşıb həll etdiyiniz və cavablandırdığınız üçünsə ayrıca təşəkkür edirəm.
Təmsil etdiyim Salyan rayonundakı problemləri stenoqrama əlavə edib hökümətə göndərəcəyəm".
Komitə sədri hesabatı mükəmməl hazırladıqları üçün Baş nazir Əli Əsədov başda olmaqla hökumət üzvlərinə minnətdarlığını bildirib.