Hökumətin ötən il atdığı mühüm addımlar inflyasiyanın idarə edilməsi və iqtisadi sabitliyin təmin edilməsi baxımından əhəmiyyətli olub.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, tədbirlər nəticəsində inflyasiyanın yüksəlməsinin qarşısının alınmasına və əhalinin sosial təminatının güclənməsinə nail olunub:
“Azərbaycan 2024-cü ildə qeyri-neft sektorunda da əhəmiyyətli irəliləyişlər əldə etdi. Xüsusilə İKT, nəqliyyat-logistika və digər sahələrdəki inkişaf qeyri-neft sektorunun iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilməsinə imkan yaratdı. İnvestisiyaların əsasən infrastruktur, enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrinə yönəlməsi, Azərbaycan iqtisadiyyatının gələcəkdə daha müasir və diversifikasiya olunmuş bir struktura sahib olmasına zəmin yaradır. Həmçinin investisiya mühitinin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması sosial rifahın artırılmasına da müsbət təsir edən faktordur”.
Z.Əsgərov həmçinin bildirib ki, hesabat ilində “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərin həcmi kifayət qədər əhatəli olub:
“İşğaldan azad edilmiş ərazilərin tamamilə yenidən qurulması, infrastrukturun bərpası ilk növbədə köç edən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına, orada yeni həyatın tamamilə yüksək standartlarla qurulmasına xidmət edir. Bu işlər təkcə iqtisadi baxımdan deyil, həm də tarixi və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir”.