Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) önəmli beynəlxalq platforma olduğunu qeyd edən deputat Qlobal Bakı Forumunun mərkəz tərəfindən ənənəvi olaraq hər il keçirildiyini bildirib: “İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki tədbirin də qonaqları arasında dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”.
S.Salmanova söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev XII Qlobal Forumun açılış mərasimindəki dərin məzmunlu çıxışında dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi: “44 günlük Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan əzəli yurd yerlərimizi azad etdi. İşğal müddətində Ermənistan tərəfindən bəşəri dəyərlər, beynəlxalq konvensiyalar heçə sayılaraq xalqımızın çoxəsrlik maddi mədəni mirasına qarşı vandalizm, talançılıq siyasəti həyata keçirilib. Onlar işğal dövründə ərazilərimizdə Azərbaycan xalqının irsini, İslam mədəniyyətinin izlərini silməyə çalışıblar, bütün tarixi, mədəni və dini abidələrimizi tamamilə məhv ediblər. İşğaldan azad olunmuş ərazilərimizdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər ermənilər tərəfindən dağıdılıb, xalqımızın milli mənəvi dəyərləri təhqir edilib. Dövlətimizin başçısının dediyi kimi, biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir”.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir: “Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçımız postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılaraq özünün dəyərli tovsiyələrini verib. Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimiz öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.
Parlamentin üzvü Qərb dairələrinin, onların riyakar siyasətçilərinin apardıqları qarayaxma kampaniyalarına baxmayaraq, 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) Azərbaycanda yüksək səviyyədə keçirildiyini qeyd edib: “Xatirinizdədirsə, COP29 zamanı Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılırdı. Dövlətimizin başçısı XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məsələyə toxundu. Prezident İlham Əliyev bunlar arasında ABŞ-nin Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğuladı. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirdilər ki, paytaxtımızda baş tutan COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də onların arzuları ürəklərində qaldı. COP29 Azərbaycanda yüksək səviyyədə baş tutdu. Bunu BMT əməkdaşlarının, ayrı-ayrı ölkə və dövlət rəhbərlərinin, rəsmilərinin səsləndirdikləri fikirlərdən də aydın görmək olar”.