12 mart 2025 15:14
116

Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə martın 14-də Tovuz rayon Mədəniyyət Evində “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək.

“İki sahil” xəbər verir ki, Aqrar Biznes Festivalı çərçivəsində baş tutacaq Forumun keçirilməsində məqsəd aqrar sahədə istehsalın və səmərəliliyin artırılması, həmçinin sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir.

Forumun əsas hədəfləri sahibkarların kooperativlər vasitəsilə aqrar biznesə daha səmərəli inteqrasiyasını təşviq etmək, onların iqtisadi müstəqilliyini artırmaq və kooperativlərin inkişafına dəstək verməkdir.

Tədbirdə 20-dən çox rayondan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 30-dan artıq qadın inkişaf və müəssisə qrupu iştirak edəcək.

Forumun ilk hissəsində dövlət qurumları və assosiasiyaların iştirakı ilə “Kooperasiyaların formalaşmasına və strateji inkişafına dəstək” mövzusunda panel müzakirə təşkil ediləcək. Müzakirələr zamanı  kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Forumun ikinci hissəsində regional sərgilərdə fəal iştirak edən kooperativ rəhbərlərinin qatılacağı “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdə isə uğurlu sahibkarlıq nümunələri və aqrar sahədə kooperativlərin inkişafına dair praktik təcrübələr paylaşılacaq.

Bu tədbirin aqrar sektorun inkişafına töhfə verməsi, regionlarda sahibkarların biznes mühitində daha fəal iştirakını stimullaşdırması və kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olacağı gözlənilir.