12 mart 2025 10:43
173

Azərbaycan və Şimali Makedoniya: Güclənən dostluq və əməkdaşlıq

Bu gün Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənib və müxtəlif sahələrdə iş birliyi güclənir. Azərbaycan, xüsusilə Şimali Makedoniya ilə siyasi və iqtisadi əlaqələrini daha da genişləndirmək üçün bir sıra mühüm təşəbbüslər irəli sürüb. Həmçinin, mədəniyyət, təhsil və turizm sahələrində də əməkdaşlıq artmaqdadır. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. Şimali Makedoniya, Azərbaycanın beynəlxalq məsələlərdəki mövqeyini dəstəkləyir və bu da iki ölkə arasında qarşılıqlı etimadı artırır. Azərbaycanın beynəlxalq təşkilatlarda Şimali Makedoniya ilə sıx əlaqələri, regiondakı sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.  Azərbaycan bu gün Avropa İttifaqının üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir. Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri bu gün ən yüksək şəkildə davam edir. Nəzərə almaq lazımdır ki, Şimali Makedoniya prezidenti Qordona Davkovanın Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar çox önəmli əhəmiyyətə malikdir. Eyni zamanda bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini gözləyirik. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın xarici içlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında görüş olub. Bu görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.
Deputat diqqətə çatdırıb ki, ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı bildirib ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.
Öz növbəsində Qordana Silyanovska-Davkova bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq:"Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyətdir və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik".
K.Bayramov əlavə edib ki, Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlərin inkişafı hər iki ölkənin strateji maraqlarına uyğun şəkildə müsbət yöndə irəliləyir. Bu əməkdaşlıq, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə möhkəm təməllər üzərində qurulmuşdur və gələcəkdə daha geniş müstəvilərdə inkişaf etməsi gözlənilir. Şimali Makedoniya ilə Azərbaycan arasındakı güclü əlaqələr, regional əməkdaşlığı və beynəlxalq səviyyədə mövqeləri gücləndirəcək, iki ölkənin həmrəylik və birgə fəaliyyətini daha da artıracaqdır.