11 mart 2025 22:38
144

Ermənistan kütləvi məzarlıqlarla bağlı məlumatları verməkdən niyə imtina edir?

Ona görə ki, minlərlə mülki şəxs girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, ağır işgəncələr verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və edam olunub

İki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri öz havadarlarının köməyi ilə xaqlımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Tarixi faktlar göstərir ki, ötən əsrin 80-ci illərinin axırlarında kütləvi qırğınlarla nəticələnən bu etnik təmizləmə militarist Ermənistanın hökuməti tərəfindən planlı çəkildə həyata keçirilib. Tarixi torpaqlarımızda zaman-zaman aşkar edilən kütləvi məzarlıqlar məhz bu soyqırımı siyasətinin bariz nümunəsidir.

Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Bu qətllər nəticəsində bu cür kütləvi məzarlıqlar Xocavənd rayonunun Edilli kəndində, eyni zamanda Xocalının Fərrux, Kəlbəcərin Başlıbel kəndlərində, Ağdam, Füzuli rayonlarında, Şuşa həbsxanasının ərazisində və digər yerlərdə aşkar olunub.

Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, eləcə də yerli və xarici mətbuat orqanlarına müsahibələrində Birinci Qarabağ müharibəsində erməni vandallarının Qa­rabağda törətdikləri insanlıq əleyhinə cinayətlərdən bəhs edərək hərbi əməliyyatlar zamanı əsir götürül­müş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini daim diqqətə çatdırır. Dövlətimizin başçısının Beynəlxalq Prokurorlar Assosiasiyasının 2024-cü il sentybar ayında Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib ki, təxminən 30 illik işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir: “İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir”.

Ermənistan itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadındır. İtkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürüldüyü də faktlarla sübutunu tapıb. Bundan əlavə, əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin erməni əsirliyində qətlə yetirilməsi, işgəncə və xəstəliklərdən vəfat etməsi, bir hissəsinin isə gizlədilərək Ermənistanda və işğal dövründə Qarabağda ermənilər tərəfindən ağır fiziki işlərdə qul kimi istifadə olunması sübuta yetirilib.

Bu günlərdə İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında bildirilib ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələlərində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Həmçinin qeyd olunub ki, Ermənistan münaqişə dövründə beynəlxalq hüquq normalarını pozub: “Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və edam olunub”. Bundan başqa, vurğulanıb ki, insanlar kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib və qəsdən məhv edilib: “Bu kimi ağır cinayətlərin törədildiyi nəzarə alınmaqla bundan sonra da bu cür məzarlıqların sayının artması gözlənilir”.

Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət siyasəti nəticəsində on minlərlə dinc insan etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilib. Qırx dörd günlük mühairəbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir və müharibə cinayətlərinin törədildiyini təsdiq edir. 

Bir məsələni xüsüsi ilə vurğulamaq lazımdır ki, itkin düşmüş ailələr beynəlxalq hüquq normalarına görə, öz itkin düşən ailə üzvləri haqqında məlumat almaq hüququna malikdirlər. Ermənistan kütləvi məzarlıqların müfəssəl məlumatını Azərbaycana verməməklə həmin ailələrin hüquqlarını pozub.

Zahid Rza, “İki sahil”