12 mart 2025 00:13
146

Fransa istismarçı müstəmləkə siyasətinə son qoymalıdır

İnformasiya texnologiyaları dövründə yaşamağımıza baxmayaraq, hələ də neokolonialist siyasətindən əl çəkə bilməyən ölkələr var. Bu ölkələr arasında Fransanın qəsbkar fəaliyyəti daha aydın nəzərə çarpır. Özünü "demokratiyanın beşiyi" adlandıran rəsmi Parisin müstəmləkəçilik siyasətinin tarixi çox qədimdir. Belə ki, hələ XVII əsrdən etibarən fransız tacirlər fəal şəkildə qul ticarətinə başlayıblar. Hətta Fransa həmin dövrdə kolonializmi o qədər genişləndirib ki, onun kölə qismində ələ keçirdiyi insanların sayı 2 milyon nəfərə çatıb. Əsrlər keçsə də müstəmləkəçilik siyasətinə son qoymayan Fransanın kolonializmin utancverici yeni metodları bu gün də özünü büruzə verir. Rəsmi Paris bu gün Avropadan kənarda, Sakit və Atlantik okeanlarının dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, onun reallaşmasının qarşısının alınmasına hər vəchlə çalışır. Bu baxımdan neokolonializmlə mübarizə hazırda bəşəri problemlərdən biri hesab olunur.

Dünyanın bir çox aparıcı ölkələri bu problemin aradan qaldırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. Azərbaycan da neokolonializmlə fəal mübarizəyə qoşulan dövlətlər sırasındadır. Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Rəsmi Bakı Qarabağı və Şərqi Zəngəzuru  işğaldan  azad etdikdən  sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe ortaya qoyub, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir.

Fransanın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə olduqca ağrılı bir şəkildə qəbul olunur. Buna qarşı çıxmaq məqsədilə Fransanın bütün addımları fiasko ilə nəticələnib. Azərbaycan isə Fransanın müstəmləkə ərazilərində törətdiyi cinayətlərin müvafiq hüquqi qiymətini alması, koloniya zülmü altında yaşayanların öz azadlığına qovuşması istiqamətində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya cavab olaraq verdiyi bəyanatlar, ölkənin öz xarici siyasətində müstəqil və sərbəst bir mövqe tutduğunu və heç bir xarici müdaxiləyə yer verməyəcəyini bir daha nümayiş etdirir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”yə müsahibəsi zamanı ölkəmiz əleyinə səsləndirdiyi əsassız iddialara münasibət bildirərək qeyd edib ki, Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün ölkəmizi ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. Fransanın kolonial siyasətini təbliğ edən və bu ölkənin “3 okean və 5 qitədə” mövcud olduğunu iddia edən Manuel Vallsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar, Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil. Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir. Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində, bu ölkənin ikili standartlar yanaşmasından xəbər verir. Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.

Fransa beynəlxalq aləmdə müstəqil dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmalıdır. Bu gün  Azərbaycan Fransanın müstəmləkəsi altında saxladığı xalqların hüquqlarını pozmasını, müstəqillik tələb edənləri  həbs etməsini, öldürməsini beynəlxalq səviyyədə ifşa etməkdədir. Fransanın müstəmləkəçiliyinə qarşı üsyanlar həmişə olmuşdur və indi də davam edir. Təsadüfi deyildir ki, Bakı Təşəbbüs Qrupunun tədbirlərinə müstəmləkə altında olan Afrika ölkələrinin təmsilçiləri aktiv surətdə qatılır və Fransanın orada etdiklərini sərt formada tənqid atəşinə tuturlar. Deməli, Bakı afrikalılara öz haqlarını tanımaqla yanaşı, onun uğrunda hüquqi mübarizə aparmağı da öyrədir.

Şəmsiyyə Əliqızı, “İki sahil”