12 mart 2025 01:26
155

Bu silahlar nə üçündür?

Ermənistanın sülh ritorikası sadəcə siyasi manipulyasiyadır

Bu günlərdə Ermənistanın Hindistandakı səfiri Vaaqn Afyan həmin ölkənin Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Vişveş Neqi ilə görüşüb. V.Neqi Ermənistanın Hindistandakı hərbi attaşesi polkovnik Arkadi Tonoyanın mühüm missiyasını alqışlayıb. Görüşlə bağlı Ermənistanın Hindistandakı səfirliyinin yaydığı məlumatda bildirilir ki, tərəfər  iki ölkənin müdafiə nazirlərinin görüşündən sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, müdafiə sahəsində məsləhətləşmələrin davamlılığının təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Bundan əlavə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Subrahmanyam Caişankar və digər rəsmi şəxslər arasında görüşləri də keçirilib.  Bu görüşlərdə də əsas müzakirə mövzularından biri müdafiə sahəsində əməkdaşlıq olub.

Göründüyü kimi, görüşlərdə əsas müzakirə mövzusu müdafiə sahəsində əməkdaşlıq məsələlərini əhatə edib.  Bu görüşlər bir daha Hindistanın işğalçı Ermənistanla uzunmüddətli hərbi əməkdaşlıq qurmaq niyyətində olduğunu göstərir. Müdafiə nazirləri səviyyəsində əldə olunmuş razılaşmaların icrası, qarşılıqlı səfərlər və məsləhətləşmələr, eyni zamanda, bu prosesin planlaşdırılmış şəkildə davam etdiyini sübut edir. Bunun nəticəsi olaraq yaxın gələcəkdə Ermənistanın Hindistandan daha çox hərbi texnika və silah alması mümkündür. Ermənistanın bir tərəfdən sülh prosesinə sadiqlik bəyan etməsi, digər tərəfdən isə Hindistan və digər havadarları ilə hərbi əməkdaşlığı genişləndirməsi ciddi suallar doğurur. Görünən odur ki, İrəvan ya gələcək toqquşmalara hazırlıq görür, ya da danışıqlarda əlini gücləndirmək üçün psixoloji təzyiq vasitəsi kimi silahlanmanı seçir.

Hindistanın Ermənistana silah tədarük etməsi son illərdə daha intensiv xarakter alıb. Bu proses təkcə Hindistan-Ermənistan əməkdaşlığı çərçivəsində deyil, eyni zamanda, Fransanın öz silahlarını Hindistan üzərindən İrəvana göndərməsi ilə də bağlıdır. Müstəqil araşdırmaçılar Yelisey Sarayının iz azdırmaq məqsədilə Hindistan vasitəsilə Ermənistana silah ötürdüyünü bildirirlər. Bu isə Ermənistanın silahlanmasında Hindistanın sadəcə bir vasitə rolunu oynadığını göstərir. Hindistanın Ermənistana birbaşa silah satışına gəldikdə isə bu prosesin ilk böyük müqaviləsi 2020-ci ildə  imzalanıb. Ermənistan mətbuatı Hindistanın “The Economic Times” nəşrinə istinadən iki ölkə arasında 2022-ci il sentyabrın əvvəlində imzalanan dövlətlərarası müqavilənin bəzi detallarını açıqlayıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.

Bundan başqa, Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənistanın bu haubitsalardan 70-100 ədəd ala biləcəyi proqnozlaşdırılır. İrəvan, həmçinin 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi (atış məsafəsi 70 km), çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb. Bu barədə “Indian Defence” məlumat yayıb. Bildirilir ki, rəsmi Dehli ilk dəfədir tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir. Hindistanın Ermənistana verdiyi silah dəstəyi və Fransa ilə bu sahədə əməkdaşlığı Cənubi Qafqazda hərbi balansı dəyişməyə yönəlmiş addımlardan biridir. Bu, regionda təhlükəsizliyi sarsıdır və Ermənistanın revanşist dairələrinin yeni təxribatlara cəhd etməsinə şərait yaradır.

Bununla yanaşı, Ermənistanın silahlanmasına təkcə Hindistan deyil, digər xarici qüvvələr də fəal şəkildə dəstək verir. Burada Fransanın rolu xüsusi qeyd olunmalıdır. Fransa açıq şəkildə Ermənistanı silahlandırır və bu prosesdə fəallıq göstərir. Makron hökuməti təkcə siyasi bəyanatlarla kifayətlənmir, həm də öldürücü silahların tədarükünü həyata keçirir. Bunun üçün Fransadan Silahlar üzrə Baş Direktorluğun nümayəndə heyəti İrəvana səfər edib, ikitərəfli silahlanma komitəsinin işi bərpa olunub və Fransanın Ermənistandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis edilib. Bu, Parisin İrəvanla hərbi əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir. İki ölkə arasında imzalanan hərbi əməkdaşlıq sazişi həm də Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sisteminin Ermənistana tədarükünü nəzərdə tutur. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. Fransadan Ermənistana həmçinin “Bastion” tipli zirehli texnikalar da daşınıb. Fransanın Ermənistana verdiyi dəstək Cənubi Qafqazda gərginliyi artırır. Makron hökuməti regionda geosiyasi maraqlarını qorumaq üçün Ermənistandan bir alət kimi istifadə edir. Bu cür silahlandırma Ermənistanın revanşist dairələrini yeni münaqişələrə sövq edir və regionda sülh perspektivlərini təhlükə altına alır.

Bu cür hərbi dəstək və silah tədarükü təkcə Fransa tərəfindən həyata keçirilməyib. ABŞ-ın Ermənistanın silahlanmasında rolu son illərdə daha da artıb. Xüsusilə Bayden administrasiyasının dövründə Vaşinqton İrəvana həm siyasi, həm də hərbi dəstək verməyə başlayıb. Bu, ABŞ-ın regiondakı geosiyasi maraqlarını gücləndirmək və Ermənistanla əlaqələrini inkişaf etdirmək məqsədini daşıyır. Ötən il yayılan məlumatlara əsasən, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistana yeni nəsil silahlar göndərilib. Buraya snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika daxildir. Digər maraqlı məqam isə Ermənistan Müdafiə Nazirliyində bir amerikalı hərbçinin rəsmi ştatda işə götürülməsidir. Bu, Vaşinqtonun İrəvan üzərində nəzarətini gücləndirmək cəhdinin açıq göstəricisidir. Həmçinin ABŞ və Ermənistan hərbçilərinin birgə təlimlər keçirməsi də bu əməkdaşlığın hərbi aspektini daha da gücləndirir.  Ümumilikdə, həm Fransa, həm də ABŞ-ın Ermənistana verdiyi hərbi dəstək regionda vəziyyəti gərginləşdirən əsas faktorlardan biridir. Ermənistanın bu prosesdə aktiv iştirak etməsi revanşist əhval-ruhiyyənin gücləndiyini göstərir və yeni münaqişə riskini artırır.

Bəhs olunan faktlar bir daha göstərir ki, Ermənistanın sülh ritorikası sadəcə siyasi manipulyasiyadır və rəsmi İrəvan əslində yeni münaqişə üçün hazırlıq görür. Əgər Ermənistan sülh istəyirdisə, bu miqyasda silahlanmaya ehtiyac qalmazdı. Silah idxalının artması, xüsusilə Fransadan, ABŞ-dan və Hindistandan alınan ağır hərbi texnika, bu işğalçı ölkənin gələcəkdə də hərbi eskalasiyaya meyilli olduğunu açıq şəkildə göstərir.   44 günlük müharibə Ermənistan üçün tarixi bir dərs idi. Lakin görünən odur ki, Nikol Paşinyan iqtidarı bu dərsdən nəticə çıxarmayıb. Müharibədən sonrakı illərdə revanşist ritorika yenidən gündəmə gətirilib və hərbi xərclər artırılıb. Əgər Ermənistan yenidən hərbi avantüraya başlasa bunun nəticələri daha ağır olacaq. Azərbaycan bu illər ərzində hərbi gücünü daha da artırıb və təhlükəsizlik strategiyasını möhkəmləndirib. Eyni zamanda, regionda yeni geosiyasi reallıq formalaşıb. Bu səbəbdən də Ermənistanın əvvəlki kimi kənar qüvvələrə arxalanaraq istədiyi avantüranı həyata keçirmək şansı yoxdur. Rəsmi İrəvan anlamalıdır ki, regionda sülhün bərqərar olması üçün silahlanma və revanşist siyasət yox, səmimi diplomatik münasibətlər lazımdır.

Nigar Orucova, “İki sahil”