12 mart 2025 01:58
190

Qar altında gizlədilən həqiqətlər...

“1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı.”

Bu sözləri Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.

Daha sonra o, bildirib ki, sonradan həmin şəxslərin bir qismi Qarabağda qaldı, bir qismi Ermənistana, digər qismi Rusiyaya köçdü. Halbuki, bəziləri müxtəlif ölkələrin paytaxtlarından və ədaləti qorumalı olan beynəlxalq təşkilatların kürsülərindən ağızları köpüklənə-köpüklənə bağırırdılar ki, guya 120 min erməninin hüquqları pozulur, həyatları Azərbaycan tərəfindən təhlükə altındadır. Bəziləri bu rəqəmi 150 minə, hətta 180 minə qaldırırdılar. Həm də onlar bu rəqəmləri bilərəkdən, erməni təəssükeşliyindən şişirdir, bütün həmlələrində Azərbaycanı günahkar çıxarmağa cəhd edirdilər. Bu fakt baş terrorçunun etiraf etdiyi yüzlərlə gizli saxlanan həqiqətlərdən yalnız biridir.

Qeyd edək ki, Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Nəhayət, gec də olsa Ermənistan rəhbərlərinin və onlara züy tutan bəzi ölkələrlə beynəlxalq təşkilatların yalanları bir-bir üzə çıxır. Bu yalanlar nə qədər dərin qatlarda gizlədilsə də həqiqətin güclü dalğası onları yuyub aşkara çıxarır. Özü də həmin sirləri bir özgəsi deyil, separatçı-terrorçu quruma birbaşa başçılıq edən şəxs söyləyir. Yəni, bir kimsə iddia edə bilməz ki, yanlış və ya səhv informasiyadır. Əlavə edək ki, 1991-1992-ci illərdə Qarabağda 60-70 min civarında erməni yaşamışdır. Onların böyük qismi müharibədən qorxaraq buranı tərk etmiş, Rusiyaya, Ermənistana, az bir qismi isə xarici ölkələrə köçmüşdülər. Qukasyanın dediyi kimi, qalanların əksəriyyəti döyüş qabiliyyəti və müharibədə maraqlı olanlar idi. 2023-cü ildə könüllü olaraq Qarabağdan gedənlər də döyüşlərdə müəyyən şəkildə iştirak edən həmin ermənilər idi. Onlar hesab edirdilər ki, əllərini günahsız azərbaycanlıların qanına batırdıqları üçün cavab verməli olacaqlar. Ona görə də məhkəmə qarşısında durmamaq üçün sakitcə getməyi qərarlaşdırdılar. Onların hamısı Laçın nəzarət məntəqəsindən keçərkən hiyləgərcəsinə, şübhə oyatmamaq üçün azərbaycanlılardan razı getdiklərini bildirdilər. Hətta biri “Allah haqqı ermənilər adam deyil, azərbaycanlılar bizim dostumuz, qardaşımızdır” dedi. Ancaq həmin şəxs İrəvanda dediyi sözləri dandı. Qısaca desək, əsl erməni xislətini bir daha göstərdi.

Məhkəmə prosesi zamanı dövlət ittihamçısının “böyük Ermənistan” ideologiyasına dair sualına cavabında A. Qukasyan bu ideyanı nağıl adlandıraraq qeyd edib: “Çoxdandır ki, “böyük Ermənistan”la bağlı nağıllara inanmıram, “böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam". O, iş üzrə cinayətkar dəstənin üzvləri kimi adı çəkilən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu deyib. Bildirib ki, Robert Koçaryan isə onun rəhbəri olub. Qukasyan Qarabağda əhalini Azərbaycan hakimiyyətinə qarşı itaətsizliyə çağıran və külli miqdarda maliyyə vəsaiti xərcləyən, vilayətin tikinti materialları kombinatının direktoru vəzifəsində işləmiş Arkadi Manuçaryanı, “Sovet Qarabağı” qəzetinin şöbə müdiri, şair Qurgen Qabrielyanı, şair Hraçya Beqlaryanı yaxından tanıdığını da söyləyib. Əlavə edib ki, bu və digər şəxsləri əvvəllər “Sovet Ermənistanı” qəzetində baş redaktorun müavini vəzifəsində işləyərkən tanıyıb.

Vəli İlyasov, “İki sahil”