08 mart 2025 11:20
299

8 Mart - Beynəlxalq Qadınlar Günü: Azərbaycan qadını - Zərifliyin, qəhrəmanlığın, humanizmin və mərhəmətin təcəssümü

Hər il mart ayının 8-i dünya ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadın haqlarını, onların cəmiyyətdəki rolunu və əmək fəaliyyətlərini dərketmək üçün bir fürsətdir. Azərbaycan qadını isə zəriflik, qəhrəmanlıq, humanizm və mərhəmət kimi ali dəyərlərin təcəssümü olub, tarix boyu bu dəyərləri özündə birləşdirib.

Azərbaycan qadınları təbiətində olan incəlik və zərifliklə böyük ehtiram qazanıb. Xalq mədəniyyətimizdə qadın adına yazılan şeirlər, mahnılar, dastanlar bunu bir daha təsdiq edir.

Bununla yanaşı, qadınların ailədə və cəmiyyətdə oynadığı rol da böyük əhəmiyyət daşıyır. Qadın ailənin dayağı, nəsillərin davamı və tərbiyə ocağıdır. Ana məhəbbəti və qayğısı bir insanın formalaşmasında çox böyük rol oynayır.

Azərbaycan qadınları tarix boyu ölkənin tələkə altında olduğu anlarda qəhrəmanlıq nümunəsi göstərib. Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Tarixə nəzər saldıqda Şərqdə ilk dəfə qadına səsvermə hüququnun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində verildiyinin şahidi oluruq. Bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının  Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüşdür. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə həyata keçirilir. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. 

Bugün də qadınlar dövlətin işlərində, sərhəd müdafiəsində, təhsil və səhiyyə sistemində fəal rol oynayırlar.

Azərbaycan qadınları hər zaman humanizmin və mərhəmətin bədii ifadəsi olub. Onlar ailə dəyərlərini qorumaqla yanaşı, cəmiyyətdə sosial problemlərin həllinə də fəal töhfə veriblər. Məsələn, Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Tağıyeva qadınların təhsili və maariflənməsi istiqamətində böyük işlər görmüş, xeyriyyə təşkilatlarının yaranmasına dəstək olmuşdur.

Bütün bu dəyərlər Azərbaycan qadınını bənzərsiz edir. Onlar təkcə ailənin deyil, eyni zamanda cəmiyyətin bünövrəsini möhkəmləndirən önəmli fiqurlardır. 8 Mart - Beynəlxalq Qadınlar Günü bu böyük missiyanın və tarixi rolun qeyd olunması üçün bir fürsətdir.

Sonda bir neçə cümlə ilə bütün xanımları təbrik etmək istəyirəm:

Əziz xanımlar!

Siz ailənin, cəmiyyətin və dünyanın ən gözəl parçasısınız. Sizin sevginiz, qayğınız və zərifliyiniz dünyanı daha gözəl edir. Hər biriniz gücünüz, mərhəmətiniz və sevginizlə ətrafınızdakıları xoşbəxt edirsiniz. Sizi bu özəl gün münasibətilə təbrik edir, həyatınızın hər anının xoşbəxtlik, sevgi və uğurla dolu olmasını diləyirəm!

Bayramınız mübarək!

Təranə Paşayeva,

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru