08 mart 2025 09:24
220

Mədəniyyət Nazirliyi sistemindəki qurumların fəaliyyətinə dair tədbir keçirilib

Martın 7-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemindəki qurumların fəaliyyətinə həsr olunan "Səhnəarxası: hesabat, müzakirə və yeni imkanlar" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb, dövlətin mədəniyyət siyasətinin əsas hədəflərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafını daim diqqətdə saxladıqlarını, bu sahəyə yüksək qayğı göstərdiklərini bildirən nazir deyib ki, Mədəniyyət Nazirliyi sistemindəki müəssisələr öz fəaliyyətini qarşıya qoyulan vəzifələrə uyğun şəkildə qurmalıdır.

Toplantının məqsədi müəssisələrin fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsi, işçilərdə komanda ruhunun möhkəmləndirilməsi, kollektiv əməkdaşlığı və birgə iş bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Sonra tədbir panellərlə davam edib.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun moderatorluğu gerçəkləşən I panel "Pərdənin arxasında: teatrların mövcud vəziyyəti, görülən işlər və gələcəyə baxış" mövzusuna həsr olunub.

Nazirliyin Muzey və daşınar mədəni irs sektorunun müdiri Könül Cəfərovanın moderatoru olduğu "Eksponatların arxasında: muzey və dövlət qoruqlarında mədəni irsin qorunması, cari islahatlar, və gələcəyə baxış" adlı II paneldə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış ediblər.

"Səslərin arxasında: konsert sənayesinin bu günü, nailiyyətlər və yeni perspektivlər" adlı III panel nazirin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşib.

Toplantının sonuncu - IV paneli "Sətirlərin arxasında: kitabxanaların inkişaf dinamikası, əldə edilən nəticələr və yeni dövrün çağırışları" mövzusuna həsr olunub.

Hər bir panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə həmçinin, "Yüksəliş" müsabiqəsinin qalibinə xasiyyətnamə təqdim edilib.

Dövlət başçısının müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib.

Eyni zamanda nazirliyin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.

Sonda musiqi nömrələri təqdim edilib.