Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında eyniadlı tamaşa hazırlanır.
“İki sahil” xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Qeyd edək ki, “Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının “səyahəti” geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.
Tamaşa hadisələrin cərəyan etdiyi coğrafiyada tarixin yeni və fərqli interpretasiyasını əks etdirir. Rejissorun əsas məqsədi Çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlarının işğalı zamanı şərqli insanın kritik məqamlarda kənar və böyük güc qarşısında necə dayanmasının, seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.
Səhnə əsərinə eyni zamanda kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar Akademik Milli Dram Teatrının bu tarixi tamaşasında həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur.