25 fevral 2025 00:12
95

Birgə təlimlər regionda sülh və təhlükəsizliyə töhfə verir

Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak ediblər

Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında məlumat verilib.

İclasda müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyi qeyd edilib. Bildirilib ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

Nazir Zakir Həsənovun vurğuladığı kimi, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlıq və birgə təlimlər regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verir. 2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb. Ermənistanla şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq hərbi təlimlərdə iştirak edir və bu təlimlərdə müxtəlif ölkələrlə birgə fəaliyyət göstərir. Azərbaycanda bu proses bir sıra istiqamətlərdə həyata keçirilir. İlk növbədə hərbi qüvvələrin modernləşdirilməsi və təchizatı prioritetdir. Bu məqsədlə müxtəlif ölkələrdən müasir hərbi texnika və silahlar alınır, yerli hərbi sənaye müəssisələri inkişaf etdirilir. Həmçinin hərbi akademiyalarda və xüsusi təlim proqramlarında peşəkar hərbçilərin hazırlanması diqqət mərkəzindədir. Xaricdə təhsil imkanları da genişləndirilir. Müasir hərbi bazalar, təlim mərkəzləri və logistika obyektləri tikilir və yenidən qurulur. Bu, hərbi qüvvələrin çevik və effektiv fəaliyyətini təmin edir. Eyni zamanda, Azərbaycan müdafiə sənayesinin inkişafına böyük investisiyalar yatırır. Yerli müəssisələr tərəfindən müxtəlif növ silah və texnika istehsal edilir. Müasir dövrdə kibertəhlükəsizlik hərbi təhlükəsizliyin ayrılmaz hissəsidir. Bu sahədə də xüsusi tədbirlər görülür və kibertəhlükəsizlik qüvvələri formalaşdırılır. Sərhəd təhlükəsizliyinin gücləndirilməsi də Azərbaycanın hərbi təhlükəsizlik strategiyasının vacib hissəsidir. Sərhəd qoşunlarının təchizatı və təlimləri bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Hərbi təlimlər və əməkdaşlıq Azərbaycanın hərbi gücünün artırılmasında vacib rol oynayır. Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər də keçirir. Buna nümunə kimi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsini xatırlada bilərik. İki qardaş ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Bundan əlavə, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş-2021” hərbi təlimləri buna sübutdur. Eləcə də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimini də xatırlamaq olar.

Ötən il beynəlxalq əməkdaşlıq çərçivəsində daha bir əhəmiyyətli hərbi təlim Qazaxıstanda baş tutmuşdu. İyulun 8-dən 17-dək Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər keçirilmişdi. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimlərdə hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlamış və həyata keçirmişdi. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunmuşdu.

Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, iyulun 11-dən etibarən Qazaxıstanın “Oymaşa” təlim poliqonunda və Xəzər dənizinin Tokmak burnu akvatoriyasında “Birləşdik - 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçirilmişdi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu beynəlxalq təlimdə Azərbaycanı Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil etmişdi.

Beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində daha bir mühüm təlim bu il başa çatıb. Fevralın 7-də Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Qış təlimi - 2025” beynəlxalq təlimləri uğurla yekunlaşıb. Təlimlərin əsas məqsədi soyuq və qarlı hava şəraitində hərbi qulluqçuların döyüş qabiliyyətini və bacarıqlarını sınaqdan keçirmək, eləcə də onların hazırlıq səviyyəsini yüksəltmək olub.

Bu beynəlxalq təlimlər Azərbaycanın hərbi qüdrətinin artırılması, şəxsi heyətin döyüş bacarıqlarının təkmilləşdirilməsi və tərəfdaş ölkələrlə hərbi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu təlimlər həm müdafiə qabiliyyətinin gücləndirilməsinə, həm də regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.

Nigar Orucova, “İki sahil”