25 fevral 2025 02:58
96

Azad rayonlarda bərpa işlərinin analoqu yoxdur

Qarabağ və Şərqi Zəngəzurda yeni orta sahibkarlıq subyektlərinin sayı 7 dəfədən çox artıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. İki gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfəri zamanı gördüyümüz mənzərə bunu bir daha təsdiqlədi. Dövlət başçımız bu ərazilərdə yeni infrastruktur layihələrinin təməlini qoydu. Eyni zamanda, Prezident Xocalı rayonunun Ballıca kəndində sakinlərlə görüşdü və bir daha bəyan etdi ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Prezidentin yerli əhali ilə səmimi görüşü, sakinlərin qonağı olması xüsusi əhval-ruhiyyə yaratmaqla yanaşı, həm də keçmiş məcburi köçkünlərə mənəvi dəstəkdir. Bütün keçmiş məcburi köçkün soydaşlarımız işğalın, müharibənin ağır nəticələrindən əziyyət çəkib. Amma dəhşətli soyqırıma məruz qalan Xocalı sakinlərinin əziyyətini dövlət başçımız xüsusi vurğuladı. “Bütün azad edilmiş ərazilərimiz kimi, Xocalını azad etmək də hər zaman gündəlikdə duran məsələ olub” söylədi. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatından sonra azad olunan Xocalıda bu gün sürətli bərpa-quruculuq işləri aparılır. İşğaldan sonra artıq bərpa olunan 10-cu yaşayış məntəqəsi kimi Ballıca kəndinə də yeni həyat qayıdıb. Burada 460 keçmiş köçkün yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq.

Ümumiyyətlə, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Dövlət başçımızın da bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Bütövlükdə 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Azad olunmuş ərazilərə qayıdan insanların məşğulluğunun təmin olunması da əsas prioritetlərdən biridir. Yaşayış kompleksləri ilə yanaşı, istifadəyə verilən və yeni inşa olunan sosial obyektlər həm də yeni iş yerləridir. Təsadüfi deyil ki, ölkə başçısının Xankəndiyə səfəri zamanı burada fəaliyyət göstərən və mütləq əksəriyyəti qadınlar olmaqla 200-dən çox işçisi olan tikiş fabriki ilə də tanış oldu. Yeri gəlmişkən, Xankəndidə, eyni zamanda, mütəmadi olaraq peşə hazırlığı kursları da təşkil olunur və kursları uğurla başa vuran şəxslər tikiş fabrikində işlə təmin olunur. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda yeni orta sahibkarlıq subyektlərinin sayı 7 dəfədən çox artıb. Ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 29 yeni orta sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müqayisədə 7,3 dəfə çoxdur. Qarabağ iqtisadi rayonunda 87 (22,5 faiz çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 (2,3 dəfə çox) orta sahibkarlıq subyekti olub.

Göründüyü kimi, həm infrastruktur qurulur, həm yaşayış məntəqələri bərpa edilir, həm də istehsal və xidmət sahələri tikilir. Məqsəd odur ki, azad edilən ərazilərə köçürülən insanlar paralel olaraq işlə təmin edilsin. Məsələn, bərpa və quruculuq işləri çərçivəsində bölgədə 2 nəhəng sənaye parkı yaradılıb. Həm Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası", həm də Ağdamdakı eyniadlı Sənaye Parkı bölgənin iqtisadi aktivliyini artırmağa, oraya köçürüləcək əhalinin dayanıqlı iş yerləri ilə təmin edilməsinə hesablanıb. Artıq bu sənaye parklarında bir neçə müəssisə fəaliyyətə başlayıb və istehsal olunan məhsullardan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə edilir. Ağdam Sənaye Parkında indiyədək ümumi investisiyaların həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 2 min 300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Ötən müddətdə sahibkarlar tərəfindən sənaye parkına 92 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına parkın ərazisində fəaliyyətə başlamış 9 müəssisədə 370-dən artıq daimi iş yeri yaradılıb

Bir sözlə, burada həyata keçirilən bütün tədbirlərin məqsədi öz doğma yurduna qayıdan soydaşlarımızın layiqli həyat şəraitini təmin etməkdir. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. İllər boyu vətən həsrəti ilə yaşayan  soydaşlarımızın, onların övladlarının öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması əvəzedilməz hissdir.

Sevinc Azadi, “İki sahil”