21 fevral 2025 23:22
169

Uğursuz ABŞ səfəri, puç olan ümidlər…

Ekspert: Paşinyan artıq başa düşür ki, regional kontekstdə yeni çağırışlarla üz-üzə qala bilər

44 günlük Vətən müharibəsindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır. Digər tərəfdən, təcavüzkar ölkə öz havadarları ilə əlbir olaraq sürətlə silahlanır, Avropa İttifaqının mülki missiyası adı altında şərti sərhəddə təxribatlarla məşğul olur.  Hayastanın bəzi rəsmiləri isə hələ də öz xislətlərinə uyğun olaraq guya ölkəmizin Ermənistana qarşı hücuma hazırlaşdığını bildirməkdə, Qərbi azərbaycanlıların beynəlxalq hüquq normalarına, insan haqlarına əsasən doğma yurdlarına qayıdışı ilə bağlı əsassız fikirlər səsləndirməkdə, həmçinin rəsmi Bakının sülhlə əlaqədar ilkin şərtlərinin mahiyyətini təhrif etməkdədirlər.

 Şübhəsiz, proseslərin bu şəkildə davam etməsi, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı ərazi iddiasında olması bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir. Bütün bunlar bir daha göstərir ki, özünü beynəlxalq aləmə “sülh göyərçini” kimi təqdim etməyə çalışan rəsmi İrəvan sülhdən daha çox revanş haqqında düşünür, başqa sözlə desək, Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Halbuki, Azərbaycan və Ermənistan arasında sülhün təminatı həm iki ölkəyə, həm də bölgəyə böyük fayda verə bilər. Yeri gəlmişkən, bu gün müstəqil siyasət yürüdən Azərbaycan geniş coğrafiyada regional sabitliyə, sülhə kifayət qədər töhfələr verir, bu da beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Bu mənada demək olar ki, Azərbaycan hər zaman dünyada sülhün tərəfdarı kimi çıxış edir. Ölkəmiz bu siyasi strategiyanı davamlı olaraq bölgədə də həyata keçirməyə çalışır. Odur ki, bölgədə sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edir. 

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Qeyd edək ki, yeni Konstitusiya məsələsi rəsmi İrəvanın gündəliyinə Azərbaycanın tələbindən sonra daxil olub. Çünki hazırkı Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilən ərazi iddiası var. Bu da tərəflər arasında sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. Deyəsən, Paşinyan bu adi həqiqəti anlamağa başlayıb.     O, bununla bağlı deyib: “Ermənistan xalqının yeni Konstitusiyaya ehtiyacı var”. Şübhəsiz, yalnız onun dəyişdirilməsi, ərazi iddialarının aradan qaldırılması yolu ilə regionda sülh və əmin-amanlıq bərpa oluna bilər.

“Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır, sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır” deyən Paşinyan, həmçinin vurğulayıb ki, təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir. Bundan əlavə, bildirib ki, sülh xarici siyasətin əsas məqsədidir: "Sülh bərqərar olduqdan sonra, o, xarici siyasətin əsas məqsədi olaraq qalır və iqtisadi, siyasi və mədəni əməkdaşlıq çərçivəsində ifadə olunur". Paşinyanın sülhlə bağlı dediyi bu fikirlərlə Ermənistanın Fransaya, ya da digər ölkələrə arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcəyini etiraf edib. Onun sözlərindən həm də belə anlaşılır ki, haylar üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Nikol Paşinyanın bu açıqlaması çox vacibdir: ”Hər kəsə məlumdur ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulası 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edir. Bu sənəddə açıq şəkildə Qarabağa iddialar təsbit olunub. Bu kimi iddialar isə yalnız referendum vasitəsilə aradan qaldırıla bilər. Hər halda, baş verənlər onu göstərir ki, Ermənistan rəhbərliyi ABŞ-da baş verənlərdən narahatdır. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Birləşmiş Ştatlara səfər etmişdi.  Amma onun ümidləri puça çıxdı. Bəli, Paşinyan artıq başa düşür ki, regional kontekstdə yeni çağırışlarla üz-üzə qala bilər. Ona görə də o, Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmağa çalışır”.

Z. Məmmədov, həmçinin bildirdi ki, həm də söhbət N. Paşinyanın Ermənistanın milli təhlükəsizlik strategiyasına yenidən baxması cəhdindən gedir: “Paşinyan faktiki olaraq çıxışında etiraf edib ki, sabitliyə nail olmağın yeganə yolu qonşularla, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Şübhəsiz, Ermənistan referenduma gedib, Konstitusiyasında gözlədiyimiz dəyişiklikləri edərsə, iki ölkə arasında davamlı sülhə töhfə vermiş olar. Əks halda Paşinyan ölkəsini fəlakətə sürükləməkdə davam edəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”