21 fevral 2025 14:26
163

Sevinc Fətəliyeva ATƏT PA-da erməni deputatın yalanlarını ifşa edib

“Yeni texnologiyalar və sosial media dünya üzrə seçkilərə təsir edib. Məsuliyyətlə istifadə edildikdə, onlar şəffaflığı, vətəndaş iştirakını və daha geniş iştirakçılığı təşviq edərək demokratiyanı gücləndirir. Lakin, onlar həmçinin yanlış məlumat, saxta xəbərlər və ictimai rəyin manipulyasiyası kimi çətinliklər yaradır”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun qış sessiyası çərçivəsində   Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitədə “Yeni texnologiyalar və sosial media: seçkilərə təsirləri” mövzusunda xüsusi müzakirədə çıxışı zamanı deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan rəqəmsal platformaların seçkilərdə həm imkanlarını, həm də risklərini tanıyır. Media dəqiq məlumatın təmin edilməsində və açıq siyasi dialoqun asanlaşdırılmasında mühüm rol oynayır. Seçki qanunvericiliyimiz ənənəvi və rəqəmsal mediaya bərabər çıxışı təmin edərək ədalətli rəqabəti təşviq edir. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) şəffaflığı artırmaq üçün qabaqcıl texnologiyaları tətbiq edir. Onlayn platformalar seçici qeydiyyatı, prosedurlar və nəticələr barədə real vaxt yeniləmələri təmin edərək ictimai etimadı gücləndirir və gənc seçiciləri cəlb edir.

“Eyni zamanda, sosial media manipulyasiya alətinə çevrilib. Sensasion məzmunu üstün tutan alqoritmlər tərəfindən yayılan saxta xəbərlər seçiciləri yanıltmaq və demokratik institutları sarsıtmaq potensialına malikdir. Bununla mübarizə azad sözün qorunması ilə yanaşı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan rəqəmsal savadlılıq proqramları və qəsdən dezinformasiya yayanlara qarşı hüquqi tədbirlər vasitəsilə yanlış məlumatlara qarşı fəal mübarizə aparır, əsas azadlıqları qoruyur”,-deyən nümayəndə heyətinin üzvü əlavə edib ki, 2024-cü ildə ilk dəfə olaraq, prezident və parlament seçkiləri bütün Azərbaycan ərazisində, o cümlədən işğaldan azad edilmiş bölgələrdə keçirilib ki, bu da ərazi bütövlüyünün və suverenliyimizin bərpasında tarixi bir mərhələdir.

Mövzu ilə bağlı məruzəçinin hazırladığı sənəddə Azərbaycan haqqında məqamlara cavab olaraq Sevinc Fətəliyeva bildirib: “Seçkilər ölkəmizdə yaxşı qurulmuş prosedurlarla ədalətli şəkildə keçirilir və milyonlarla vətəndaş səsvermə hüququndan istifadə edir. Azərbaycan güclü, aktiv və müstəqil mediaya və ictimai həyata fəal töhfə verən canlı bir vətəndaş cəmiyyətinə malikdir. Əlavə olaraq, Azərbaycan seçkilərdə obyektivliyi  qorumaq üçün süni intellektin inteqrasiyası və kibertəhlükəsizlik sahəsində irəliləyişlər əldə edib. Etik süni intellekt tədbirləri və gücləndirilmiş kibertəhlükəsizlik təşəbbüsləri ölkəmizi demokratik proseslərin qorunmasında lider mövqeyinə yerləşdirir. Azərbaycan demokratiyanı qorumağa və rəqəmsal dövrdə seçki bütövlüyünü təmin etmək üçün bütün millətlərlə əməkdaşlığa sadiqdir”.

Komitə iclasındakı çıxışında  Sevinc Fətəliyeva, həmçinin Ermənistan parlamentinin deputatı Lilit Galstyanın müzakirələrdən kənar, Azərbaycana qarşı əsassız iddialarına da cavab verib. Belə ki, erməni deputat çıxışında hazırda Bakıda məhkəməsi keçirilən Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş erməniəsilli şəxsləri, xüsusilə Ruben Vardanyanı “hərbi əsir” kimi təqdim edərək onların məhkəməsinin obyektivliyi ilə bağlı tədbir iştirakçılarında yanlış rəy formalaşdırmağa çalışıb.

Sevinc Fətəliyeva isə erməni deputatın yalanlarını ifşa edərək deyib: “Azərbaycanın milli qanunlarına və beynəlxalq konvensiyalara uyğun olaraq, öz ərazisində cinayətlərdə, o cümlədən müharibə cinayətləri və terrorizmdə ittiham olunan şəxsləri araşdırmaq və mühakimə etmək suveren hüququ var. Ruben Vardanyan və ölkəmizin Qarabağ bölgəsindən olan digər 15 şəxs terrorizm, soyqırımı və müharibə cinayətləri ilə ittiham olunurlar. Azərbaycan bu məhkəmə proseslərinin şəffaf şəkildə və hüquqi standartlara uyğun aparır”.