18 fevral 2025 18:06
200

Xarici diplomatiyada “Qara qitə” uğuru

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda təmsil olunması və bu təşkilatlara rəhbərlik etməsi beynəlxalq əlaqələrin daha dərindən formalaşmasında xüsusi rol oynayır. Bu qəbildən olan təşkilatlar arasında Qoşulmama Hərəkatına rəhbərlik ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında müstəsna rola malikdir ki, bu əlaqələrin fonunda Afrika ölkələri xüsusi yer tutur. Son zamanlarda Afrikanın bir sıra ölkələri ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın haqq səsində beynəlxalq dəstəyin artması ilə yanaşı iqtisadi münasibətlərin formalaşması baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Qeyd olunmalıdır ki, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri də Azərbaycan Somali əlaqələrinin dərinləşməsində, ikitərəfli iqtisadi-hərbi əlaqələrin inkişafında güclü təkana çevriləcək.  Azərbaycana ilk rəsmi səfərini edən Hasan Şeyx Mahmud bu səfərin yeni eranın başlanğıcı olduğunu bildirdi. Strateji müttəfiqliyin əhəmiyyətinə toxundu.

Ümumilikdə Azərbaycan Somali əlaqələrinin tarixi keçmişinə nəzər salanda bu münasibətlərin uzun tarixi yol keçdiyinin şahidi oluruq. Bu gün isə ikitərəfli münasibətlər uğurla inkişaf edir. Azərbaycan Somalinin milli inkişafında, iqtisadi münasibətlərin formalaşmasında xüsusi rol oynayır.  Somali Afrikanın zəngin resursa və potensiala malik ölkələrindəndir. Ancaq həmin resursların hərəkətə gətirilməsi, istehsal, emal və sənaye zəncirinin yaradılması müxtəlif səbəblərdən mümkün olmayıb, uzun illər müxtəlif güclərin asılılığında olduğu dövrlərdə resursların kortəbii və plansız istismarı aqrar-sənaye təchizatının pozulmasına səbəb olub, ölkə iqtisadiyyatına davamlı sərmayələr yatırılmayıb, biznes idarəetməsi düzgün qurulmayıb. Somali Prezidentinin də dediyi kimi, şərait bu potensialları inkişaf etdirməyə imkan verməyib.

Bir sıra Afrika ölkələrində olduğu kimi Somalidə də təhsilin səviyyəsinin yüksəldilməsində Azərbaycan tərəfindən bir sıra layihələr həyata keçirilir.  Təhsil sahəsində əməkdaşlıq sazişinə uyğun olaraq, Azərbaycan müasir inkişaf meyarlarına, idarəçilik prinsiplərinə uyğun kadr bazasının formalaşması üçün somalili gəncləri ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrində tədrisə cəlb edəcək. Müasir elm və innovasiyalara yiyələnən kadr bazası isə Somalinin iqtisadi inkişafına fayda verəcək.

Bütün bunlarla yanaşı enerji, təhlükəsizlik, iqtisadi və digər sahələrdə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu Azərbaycanla Somali arasında dayanıqlı inkişaf sahəsində yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı