44 günlük haqq savaşımızda minlərlə qeyrətli oğlumuz doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq onun bütövlüyü uğrunda canını fəda etdilər. Vətənə qarşı sonsuz sevgisini ağır müharibə meydanında son damla qanına qədər bildirən belə qəhrəmanlardan biri Cəlilabad rayonu, Musalı kəndində boya-başa çatan gizir Elşən Əfqan oğlu Niftullayevdir. O, 21 yaşında şərəfli ölümü ilə gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb getdi. Özü cismən aramızda olmasa da, öz adında Vətəninə, dövlətinə, xalqına məhəbbət hissi yaşatmaqla zaman-zaman milyonlarla insanın yaddaşından silinməz və həmişə İkinci Qarabağ savaşın qəhrəman ərənlərinin sırasında xatırlanar.
Fədakarlıq, mərdlik uşaq yaşlarından taleyinə yazılan, vətənpərvərliyi ilahi bir sevgidən yaranan Elşən Niftullayev orta məktəbi qurtarıb müstəqil həyata qədəm qoyanda gözəl mənəvi keyfiyyətləri ona dərin ehtiram gətirir. Ömrünü halallıqla bağlayan gənc oğlan öz xoşbəxtliyini xalqına, Vətəninə gərək olmaqda görür. Olduqca qeyrətli, vicdanlı oğul olaraq erməni dığaların əzəli yurd yerimiz Qarabağın işğalına çox narahat olur. Ordu sıralarına xidmətə də düşməndən qisas almaq üçün gedir. Cəbhə bölgəsində Vətənin keşiyində duran Elşən nizam-intizamı ilə seçilir, komandirlərin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirir. Yağı düşməndən qisas alacağı günə mükəmməl hazırlaşır. ..
İkinci Qarabağ müharibəsi başlanan kimi Elşən Niftullayev 30 il əsarətdə olan Vətən torpaqların azadlığı naminə silaha sarılıb bir başa səngərə məkrli düşmənlə vuruşa girir. Onun yüksək döyüş məharəti, qəhrəmanlığı ölüm-dirim savaşlarda düşmənin həm canlı qüvvəsinə, həm də texnikasına böyük tələfat verir. Döyüşlərdən birində yaralansa da, silahını yerə qoymur, düşmənə qarşı daha nifrətlə vuruşur. Suqovuşanın azadlığı uğrunda gedən ağır savaşda igid döyüşçü sözün əsl mənasında dığalara qan uddurur. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən müharibədə isə gizir Elşən son damla qanına qədər döyüşüb şəhadətə yüksəlir...
Bəli, Elşən Niftullayev bu işıqlı dünyada az yaşadı, amma layiqli bir övlad kimi Vətən qarşısında borcunu şərəfli verdi. O, bununla ölümsüzlüyə qovuşaraq adı Azərbaycanın yeni, şanlı tarixinə düşdü. Dövlət tərəfindən isə Vətənin yaşaması naminə göstərdiyi qəhrəmanlığı "Vətən uğrunda" , “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü