Kəlbəcər turizm və müalicə üçün ən gözəl məkanlardan biri olmaqla bərabər həm də enerji mənbəyidir. Buna baxmayaraq iyirminci əsrin sonlarına qədər Çıraq kəndində və bir çox kiçik yaşayış məntəqələrində elektrik enerjisi olmayıb. Qarabağ işğaldan azad edildikdən sonra rayon ərazisinin başından ayağınadək gur axan Tərtər çayından elektrik enerjisi alınması kimsənin yadına düşməyib. Qeyd etmək lazımdır ki, əvvəllər bu çaydan enerji alınması keçən əsrin yetmişinci illərinə qədər hökuməti maraqlandırmırdı.
Yalnız 1970-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Umudlu kəndindən aşağıda nəhəng Tərtərçay Su-Elektrik Stansiyası və su anbarı tikilmişdi. Lakin yaradılan dəryaçadan aran rayonlarının təsərrüfatlarının suvarılması üçün daha çox istifadə olunurdu.
II Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev Tərtər çayının üstündə bir neçə kiçik həcmli su-elektrik stansiyasının tikilməsinə göstəriş verdi. İşlər sürətlə aparıldı və bir neçə yerdə su-elektrik stansiyasının təməli qoyuldu. Əhalinin qayıdışının təmin edilməsi üçün ilk görüləsi işlərdən biri də elektrikləşmə idi. Nəticədə Kəlbəcər rayonunun böyük bir hissəsi elektrik enerjisi ilə təmin edildi.

İstismara verildiyi tarixdən bu ilin avqustun 1-dək Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Yuxarı Vəng" Su Elektrik Stansiyasında (SES) 60,1 milyon kVt/saat, "Zar" Kiçik Su Elektrik Stansiyasında (KSES) isə 4,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Görülən işlər barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə yanaşı, "yaşıl enerji" istehsalının artırılmasına, bu ərazilərdə dayanıqlı və ekoloji təmiz mühitin formalaşdırılmasına lazımi şərait yaradır.
Qeyd edək ki, 2024-cü ilin sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən 22,5 MVt-lıq "Yuxarı Vəng" SES və Zar çayı üzərində yerləşən 4,3 MVt-lıq "Zar" KSES istismara verilib. Onu da nəzərə almalıyıq ki, Zar rayonun ən böyük inzibati ərazi vahidi olmaqla özündə dörd kəndi və bir neçə obanı birləşdirir. Kəndlərin minlərlə əhalisi var. Burada kiçik bir haşiyə çıxaq.
Qeyd etmək yerinə düşər ki, bu kənd qədim tariximizdə Şəhrizər kimi tanınır. 1970-1980-cı illərə kimi yüz ildən artıq yaşayan çoxyaşlı sakinlər Zara Şəhrizər deyildiyini hələ öz ata-babalarından eşitdiklərini söyləyirdilər. Zər sözü qızıl deməkdir. Şəhrizər, yəni qızılla zəngin olan şəhər deməkdir. Deyilənlərə görə işğalçı monqol orduları Zarı darmadağın etmiş, sakinləri diri-diri torpağa gömmüşdülər. Belə ki, Zarın ərazisində torpağın altında basdırılan və tapılan qızıl dəfinələri bu hadisələrin həqiqət olmasını təsdiq edir. Qızıl-gümüşü özü ilə apara bilməyən varlı feodallar onları torpağa basdırıb qaçmışlar. Şəhrizər sözünün Zar sözü kimi işlədilməsi güman ki, sözün yaşlı nəsillər tərəfindən assimilyasiyaya uğradılması nəticəsində olub.

Kəlbəcər yenidən tikilib-qurulduqca, abadlaşdıqca sosial mənzəsi daha da gözəlləşir. Yaşı eramızdan əvvələ gedib çıxan Zar kəndi öz tarxiliyini qoruyub saxlamaqla bərabər, həm də müasir gözəlliyinə qovuşub. Oraya gedib-gələnlər Zarda özgə büsat qurulmasından ağızdolusu danışırlar. Daha gecələri əvvəlki zülmətə deyil, gur işıqlı nura boyanır. Kənddə 855 ailə məskunlaşdırılacaqdır. Rayon mərkəzindən 26 kilometrlik məsafədə yerləşən Zarda hazırda tikinti, quruculuq, təsərrüfat həyatı bulaq kimi qaynayır. Əhalinin rahat yaşayışı üçün infrastruktur yaradılır.
Yüz illər boyu axşamlar zəif çıraq işığında gün keçirən zarlılar indi ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirirlər. Söyləyirlər ki, rahat həyat şəraiti, təsərrüfatların, sənayenin inkişafı və mədəniyyət işıqdan və elektruk enerjisindən çox asılıdır. Məhz dövlətimiz də elə bu xətti əsas götürüb. Zarlılar abadlaşdırılmış yurd yerlərinə qovuşacaqlar.
Tam əminliklə deyə bilərik ki, Zar kəndi mövcud olduğu qədim zamanlardan bəri özünün ən yüksək inkişaf dövrünə qədəm qoyur.
Vəli İlyasov, “İki sahil”
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər