13 fevral 2025 23:30
98

Qlobal arenada artan rolumuz...

Çinlə əməkdaşlıqda yeni səhifə açılıb

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı zamanı nüfuzlu media qurumlarının onunla müsahibə almağa göstərdiyi böyük maraq artıq bir ənənəyə çevrilib. Davos İqtisadi Forumu kimi qlobal platformalarda nüfuzlu media orqanlarının Azərbaycan Prezidentindən müsahibə almağa can atması, ölkənin beynəlxalq arenada artan rolunun və siyasi çəkisinin göstəricisidir. Xüsusilə CGTN (China Global Television Network) kimi geniş auditoriyaya malik Çin mediasının bu müsahibəyə maraq göstərməsi Azərbaycan-Çin münasibətlərinin və ölkəmizin Asiya regionu ilə əməkdaşlığının önəmindən xəbər verir. 

Ekspert: Bu, bir Lider müsahibəsi idi

Bununla yanaşı, Azərbaycan liderinin siyasi proqnozlarının doğruluğu və həyata keçirdiyi siyasətin nəticələri də beynəlxalq medianın diqqətini cəlb edən əsas faktorlardandır. Bu səbəbdən Prezident İlham Əliyevin fikirləri təkcə ölkə daxilində deyil, qlobal səviyyədə də ciddi nəzərə alınır. Müsahibədə jurnalistin verdiyi sualların məzmunu, istiqamətləri Azərbaycan Prezidentinin siyasi nüfuzundan, onun fikir və proqnozlarına olan ehtiyacdan xəbər verir. Gündəmə gətirilən məsələlər Azərbaycanın strateji hədəfləri və uğurlarına dair vacib məqamları əks etdirir. Bu uğurların ən mühüm göstəricilərindən biri isə ölkənin beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğudur. Azərbaycanın beynəlxalq nüfuzunu artıran bu faktorlar, eyni zamanda, xarici siyasətdə milli maraqların qorunması üçün daxili sabitlik və milli birliyin nə qədər vacib olduğunu göstərir. Bu, dünya siyasətində güclü dövlətlərin əsas xüsusiyyətlərindən biridir.

Müsahibədə Azərbaycan-Çin münasibətlərinə də toxunulub. Bildirilib ki, Azərbaycanla Çin arasında imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi bu münasibətlərin daha yüksək səviyyəyə çatmasını təmin edir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu əldə etməsi isə ölkəmizin bu qurumla daha sıx əməkdaşlıq qurmaq niyyətini ortaya qoyur. Bundan əlavə, Azərbaycanın BRICS üzv dövlətləri ilə də dost münasibətləri beynəlxalq arenada əlaqələrini daha da möhkəmləndirir. Çin vətəndaşları üçün viza rejiminin tamamilə ləğv edilməsi Azərbaycan tərəfindən turizm və biznes əlaqələrinin genişlənməsi istiqamətində atılan mühüm addımdır. Bu qərar iki ölkə arasında daha çox insan axınının təmin olunmasına, ticarət və investisiya imkanlarının genişlənməsinə şərait yaradır. Eyni imkanın Azərbaycan vətəndaşlarına da yaradılması gözləntilər arasındadır ki, bu da qarşılıqlı münasibətlərin balanslı şəkildə inkişaf etməsinə töhfə verə bilər.

Göründüyü kimi, Azərbaycan-Çin münasibətləri təkcə iqtisadi və nəqliyyat layihələri çərçivəsində deyil, eyni zamanda, beynəlxalq təşkilatlar, diplomatik əlaqələr və vizasız gediş-gəliş kimi humanitar aspektlər üzərində də qurulur. Bu, iki ölkə arasındakı əlaqələrin uzunmüddətli və strateji xarakter daşıdığını göstərir.

Dövlətimizin başçısının Azərbaycan reallıqlarının təbliğində zəngin mənbə kimi dəyərləndirilən bu müsahibəsi ilə bağlı Bakı QHT və Resurs Təlim Mərkəzinin sədri Rauf Zeyni, “İki sahil”ə açıqlamasında bildirdi ki, bu, geniş əhatəli və dərin məzmunlu bir çıxış idi : "Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsində səsləndirdiyi fikirlər  Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirir. Müsahibə dünya ictimaiyyətinə vacib mesajlar göndərilib, beynəlxalq auditoriyanı məlumatlandırıb və qlobal əhəmiyyətə malik fikirləri diqqətə çatdırılıb. Dövlətimizin başçısı bütün bunları Azərbaycanın milli maraqlarını, təhlükəsizliyini və regional sabitliyi nəzərə alaraq dəyərləndirdi. Bu, bir Lider müsahibəsi idi. Həm regionun ən güclü dövlətlərindən birinin Prezidenti, həm də bu gün türk dünyasında və Qoşulmama Hərəkatında mühüm rol oynayan bir şəxsiyyət kimi Prezident İlham Əliyev dünya ictimaiyyətinə açıq mesajlar verdi”. 

Həmsöhbətimiz qeyd etdi ki, CGTN telekanalının 2 milyarddan çox auditoriyaya sahib olması belə əhatəli və məzmunlu bir müsahibənin nə qədər vacib olduğunu göstərir : “Bu kimi müsahibələrm Azərbaycan Prezidentinin fikirlərinin qlobal səviyyədə yayılmasına və dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Bu, həm də xalqımızın mövqeyinin beynəlxalq səviyyədə ifadə olunması baxımından böyük əhəmiyyət kəsb edir.  Azərbaycan ictimaiyyəti və vətəndaş cəmiyyəti belə müsahibələri diqqətlə izləyir və yüksək qiymətləndirir. Bu kimi müsahibələr ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir”. 

Nigar Orucova, “İki sahil”