13 fevral 2025 22:39
98

Büdcə gəlirlərinin təminatçısı, iqtisadi sabitlik və sosial ədalət missiyası

Vergi xidmətinin 25 illiyinə həsr olunmuş Forum keçirilib

“Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda tədbirdə vergi sistemində aparılan islahatlar və onların müsbət nəticələri vurğulanıb, sessiyalar keçirilib   

İqtisadiyyat Nazirliyində “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri və nümayəndələri, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına məktubunu oxuyub.

Forumda Azərbaycanın vergi orqanlarının 25 illik fəaliyyəti barədə film nümayiş olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək vergi işçilərini xidmətin 25 illiyi və peşə bayramı münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, vergi siyasəti iqtisadiyyatın səmərəliliyinə böyük təsir göstərir.

Qeyd edilib ki, vergi xidməti təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafını dəstəkləyən, şəffaflığa töhfə verən, sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinə malik qurumdur. Son illərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması və onların ümumi iqtisadiyyatda xüsusi çəkisinin yüksəlməsi bunun əyani göstəricisidir.

Bildirilib ki, iqtisadi gündəliyin əsas prioritetlərindən biri dayanıqlı inkişaf və özəl sektorun gücləndirilməsidir. Özəl sektorun inkişafı ilə yanaşı, son illər aparılan islahatlar nəticəsində dövlət müəssisələrinin rentabelliyinin artdığı qeyd olunub. Həmin müəssisələr risklərdən biri kimi qiymətləndirilən borc yükünü və dövlət büdcəsindən asılılığı azaldıb. Bununla yanaşı, dayanıqlı iqtisadi artımı və fiskal sabitliyi təmin etmək üçün ixracyönümlü sahə və xidmətlərin təşviqinin önəmi bildirilib.

2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Vergi qanunvericiliyində təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli artım əldə edilib.

Forumda 2018-2024-cü illərdə ölkəmizin makroiqtisadi artımı, eləcə də qeyri-neft sektorunun böyüməsi, vergi daxilolmlarının qeyri-neft ÜDM-də xüsusi çəkisinin yüksəlməsi, əmək müqavilələrinin sayının artması və digər göstəricilər barədə təqdimat nümayiş etdirilib. 

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vergi ödəyicilərinin hüquqları və vergi orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın əhəmiyyəti barədə danışıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rəhbərlik etdiyi qurum ilə Dövlət Vergi Xidməti arasında səmərəli əməkdaşlığı vurğulayıb. Bu istiqamətdə vahid risk platforması çərçivəsində tərəfdaşlığın önəmi qeyd edilib.

Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev vergi orqanlarının ölkə iqtisadiyyatının inkişafına və sahibkarların fəaliyyətinin asanlaşdırılmasına verdiyi töhfələrdən danışıb.

Tədbirdə Dövlət Vergi Xidmətinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələrinin - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Fabrisiya Lapekorella, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi Aliks Perrinyon və Vergi Məqsədləri üzrə Şəffaflıq və Məlumat Mübadiləsinə dair Qlobal Forumun Katibliyinin rəhbəri Zayda Manattanın videotəbrikləri səsləndirilib.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edib. Xidmət rəisi 25 illik tarixə nəzər salaraq vergi sistemində reallaşdırılan islahatlar barədə danışıb, bu sahədə son illər əldə edilən nəticələr, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, gələcək vergi siyasətinin istiqamətləri və s. barədə məlumat verib. Bildirilib ki, 25 illik tarixə malik vergi sistemi hazırda “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. 2024-cü ildə vergi daxilolmalarının həcminin15,8 milyard manatı keçdiyi, vergi gəlirlərinin 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artdığı, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımların 22,8 milyard manat təşkil etdiyi, Xidmətin bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqan olduğu diqqətə çatdırılıb. Bildirib ki, aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min təşkil edib.

Vurğulanıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”u ölkəmizi şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirilməsi çərçivəsində ən yüksək reytinqlə dəyərləndirib. Ölkəmizin bu reytinqə yüksəlməsi vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Forumun işi sessiyalarla davam edib. Moderatoru Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov olan “Müasir vergi sistemi: strateji hədəflər və perspektivlər” mövzusuna həsr olunmuş sessiyada iqtisadiyyat nazirinin müşaviri Elvin Camalov, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və “McKinsey” şirkətinin partnyoru Simay Erdoğan çıxış ediblər.

Moderatoru “Deloitte Azerbaijan” şirkətinin vergi üzrə partnyoru Nərmin Aslanova olan “Vergi inzibatçılığında rəqəmsal transformasiya: yeni yanaşmalar və müasir trendlər” mövzusuna həsr olunmuş ikinci sessiyada Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev, Azərbaycan Beynəlxalq Bankının Agile ofisinin rəhbəri Həsən Eminov, “Carlsberg” Azərbaycan şirkətinin Korporativ əlaqələr üzrə rəhbəri Lalə Əfəndi çıxış ediblər.

Moderatoru ADA Universitetinin prorektorunun müşaviri Aygün Hacıyeva olan “Yeni iqtisadi inkişaf modelində dövlət – biznes tərəfdaşlığının əhəmiyyəti” mövzusunda sessiyada isə bp-nin vergi məsələləri üzrə meneceri Ceyhun Məmmədov,  Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov, “PwC” şirkətinin vergi direktoru Günel Sadiyeva çıxış ediblər.

Sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxışlarda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.

Forum çərçivəsində “Yaşıl enerji üzrə ən böyük investor”, “İşğaldan azad olunmuş ərazilər üzrə investor”, “Dövlət sektoru üzrə fəal ixracatçı”, “Özəl sektor üzrə fəal ixracatçı”, “Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Nəqliyyat sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Sənaye sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Xidmət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Qeyri-neft sektoru üzrə vergi rekordçusu”, “Neft sektoru üzrə vergi rekordçusu”, “Regionlar üzrə vergi rekordçusu”, “Kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Rabitə sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Tikinti sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Fəal ianəçi”, “Dost” nominasiyaları üzrə fərqlənən vergi ödəyiciləri sertifikatlarla təltif olunublar.

Yaqut Ağaşahqızı,”İki sahil”