13 fevral 2025 17:38
170

Vüqar Rəhimzadə: Azərbaycan-Somali münasibətlərində qarşılıqlı dəstək mühüm istiqamətdir

Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi bu gün müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində özünün aydın ifadəsini tapır. Çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycan  tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Qarşılıqlı səfərlər, müxtəlif mövzularda bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən tədbirlər əlaqələrin inkişafında mövcud imkanların təhlilinə geniş imkanlar yaradır. Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Bu imkanları qiymətləndirmək üçün təkcə son illərdə Prezident İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir.  

Məlum olduğu kimi, fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfər etdi. Prezidentlərin təkbətək və geniş tərkibdə  görüşləri, mətbuata birgə bəyanatları, həmçinin imzalanan sənədlər tərəflərin əlaqələrin inkişafında  maraqlı olduqlarını bir daha nümayiş etdirdi. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələrin qurulduğu 2004-cü ildən ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. İki ölkə arasında müxtəlif  istiqamətlər, o cümlədən kənd təsərrüfatı,  neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev mətbuata bəyanatında  səfəri   tarixi səfər kimi dəyərləndirərək belə bir əminliyi ifadə etdi ki, ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açılacaq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, görüşlərdə geosiyasi vəziyyət,  ölkələrimizin üzləşdikləri çağırışlar geniş müzakirə edildi. Bir daha vurğulandı ki, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Azərbaycan ən sabit, təhlükəsiz ölkə kimi tanınır, nüfuz qazanır. Ölkəmizdə sabitliyin, normal iqtisadi mühitin mövcudluğu  investisiya axınının sürətlənməsində öz sözünü deyir. Statistik rəqəmlərə nəzər salsaq son 20 ildə ölkə iqtisadiyyatına yatırılan 310 milyard dollar investisiyanın 200 milyardının qeyri-neft sektorunun payına düşdüyünü görərik. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, bu və ya digər ölkələrə investisiya yatırır.  Somali Prezidentinin səfəri çərçivəsində Azərbaycanın sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında əldə etdiyi təcrübəni bölüşən dövlət başçısı İlham Əliyev ən vacib sahələrdən biri kimi təhsili önə çəkdi. O da məlumdur ki, səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması mərasimi keçirildi ki, onlardan biri  təhsil ilə bağlıdır. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. İmzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə təhsil alacaq. Sonra isə onların sayı daha çox ola bilər. Onların universitetlərimizdə müasir təhsil proqramlarında iştirak etmək  imkanı olacaq və bu,   Somalinin iqtisadi inkişafına fayda verəcək.  Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafında kənd təsərrüfatı, həmçinin müdafiə sahəsi də xüsusi rol oynayır. Bu sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın hərbi qüdrətinin təqdimatıdır. Baxmayaraq ki, zəfərlərə imza atmışıq, ordu quruculuğu istiqamətində görülən işlər davam etdirilir. Hədəflər açıqlanarkən azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılması  xüsusi qeyd edilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bərpa-quruculuq işlərinə 4 milyon manat vəsait ayrılırsa, müdafiə xərcləri 8,4 milyard manatdır. Məhz bu uğurlarımıza söykənərək dövlət başçısı İlham Əliyev Somali Prezidenti ilə mətbuata bəyanatında əminliklə qeyd etdi ki, müdafiə sahəsində əməkdaşlığımız mühüm istiqamətlərdən biridir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, bu, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. İkinci Qarabağ müharibəsi və  antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazilərimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi kimi nüfuz qazanması ölkələr arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” layihəsi beynəlxalq səviyyədə təqdir edilir. Ölkəmizin dövlət idarəçiliyində təkmil təcrübədən bəhrələnməsi davamlı inkişafın təmin edilməsində əsas faktorlardan biridir. Səfər çərçivəsində imzalanan sənədlərdən biri “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”dur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır.

Vüqar Rəhimzadə tərəfdaşlığımızın mühüm sahəsi kimi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyi xüsusi vurğulayıb. Bildirib ki, Türk Dövlətləri Təşkilatı  və İslam Əməkdaşlıq Təşkilatı  çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir.  BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda əlaqələr yüksək səviyyədədir. Somali Prezidenti Hasan Şeyx Mahmud münasibətlərimizin tarixində  Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaqdan  böyük şərəf duyduğunu bildirdi. Qeyd etdi ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır. Həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir.