Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Sənaye və İstehsalat üçün Süni İntellekt üzrə Qlobal Alyans (AIM Global) üzvü olub. Bu əməkdaşlıq süni intellektin sənaye və istehsalatda təhlükəsiz və inklüziv istifadəsini təşviq edir.
“İki sahil” xəbər verir ki, AIM Global, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən idarə olunur və süni intellektin məsuliyyətli inkişafını dəstəkləyir.
Alyansa üzvlük 4SİM-ə beynəlxalq təcrübə, tədqiqat və siyasət tövsiyələrindən faydalanmaq imkanı yaradır. Eyni zamanda, sənaye və istehsalatda süni intellektin potensialını açmaq üçün əməkdaşlıq və innovativ həllərin tətbiqinə töhfə verməyə şərait yaradır.
4SİM Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
140-dan çox təşkilatın üzv olduğu AIM Global sənaye və istehsalatda məsuliyyətli süni intellekt üçün əməkdaşlığı təşviq edir. Alyans tədqiqat, bacarıqların inkişafı, etik təlimatlar və dəyişən süni intellekt mühitində çətinliklərin və imkanların həlli üçün siyasət tövsiyələrinə diqqət yetirir.