11 fevral 2025 12:27
108

Orxan Məmmədov: Bu gün iqtisadi tərəqqi insan zəkası və innovasiyadan asılıdır

Bu gün dünyada baş verən proseslər göstərir ki, iqtisadi tərəqqi kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İnsan İnkişaf Forumunda bildirib.

Onun sözlərinə görə, hər bir ölkənin prioriteti isə yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır: "Müxtəlif ölkələrin bügünkü uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilib. Bu gün müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir".

O. Məmmədov deyib ki, son illər ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm işlər görülüb, əhəmiyyətli islahatlar həyata keçirilib, bu proses davam etməkdədir: "Ölkəmizdə insan kapitalının inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun fəaliyyətini xüsusi qeyd etmək olar. Bu işçi qrupunda KOBİA da təmsil olunur. Bu fəaliyyətlər nəticə olaraq strateji qərarların qəbuluna və praktik həllərin tətbiqinə töhfə verir. Sahibkarlıq bir proses olaraq insanı uğurlu iş adamına çevirən müəyyən mərhələləri və keyfiyyətləri özündə əks etdirir. Sahibkar olmaq üçün yalnız biznes bilikləri deyil, eyni zamanda düşüncə tərzi, xarakter və praktiki təcrübə də vacibdir. Bu keyfiyyətlərin erkən yaşlardan formalaşması uzunmüddətli uğurun açarıdır".

"Bu dövrdə sahibkar düşüncə tərzinin təşviqi uşaqlarda kreativlik, riskə hazırlıq, problemləri həll etmə bacarığı və müstəqillik kimi keyfiyyətləri inkişaf etdirməyə kömək edir. Sahibkarlıq bacarıqlarının formalaşması iqtisadiyyatın dayanıqlı inkişafına müsbət təsir göstərən əsas amillərdən biridir. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrların formalaşması ölkənin intellektual potensialının əsasıdır. Bu çağırışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, ehtiyacların qarşılanmasında həm dövlət, həm də özəl təhsil müəssisələrinin rolu danılmazdır. Təhsil müəssisələri biznes fəaliyyətinin təşviqində, innovasiyaların dəstəklənməsində və sosial məsuliyyətin təbliğində fəal iştirak edir. Erkən yaşlarda biznes səriştələrinin formalaşdırılması sistemli yanaşma tələb edir. Bu proses kreativliyi, liderlik bacarıqlarını, problemləri həll etmə qabiliyyətlərini və sahibkarlıq ruhunu inkişaf etdirmək məqsədi daşıyır. Bu bacarıqlar mənimsənilərsə, gələcəkdə uğurlu sahibkarların da sayı çox olar", - deyə sədr əlavə edib.