Qazaxıstan ammofosu ilk dəfə bu dəhliz vasitəsilə Batumiyə çatdırılıb
Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bölgədə yeni reallıqlar formalaşdırıb. Bu reallıqların ən mühüm istiqamətlərindən biri də nəqliyyat dəhlizləri ilə bağlıdır. Ölkənin coğrafi mövqeyi, tranzit imkanları və inkişaf etmiş infrastruktur şəbəkəsi Azərbaycanı regional və qlobal ticarət yollarının əsas iştirakçısına çevirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 27-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bütün bunlarla bir çox mühüm məsələlərə toxunuldu. Onların sırasında regionun lider ölkəsi kimi Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində üstün mövqeyi, yeni yaratdığı realıqlar şəraitində genişlənən nəqliyyat coğrafiyasının əhəmiyyəti xüsusilə diqqəti cəlb edir. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və geniş bir trans-kommunikasiya qovşaqları yaranır.
Həmçinin qlobal hablardan biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fasiləsiz axıcılığı da məhz Azərbaycanın və yaxın tərəfdaşlarının iradəsi ilə genişlənir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Orta Dəhliz beynəlxalq ticarət və logistika sahəsində mövqeyini hər keçən gün daha da möhkəmləndirir. Bu strateji marşrut Asiyanı Avropa ilə birləşdirərək qlobal iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayır. Qeyd edək ki, Qazaxıstan ilk dəfə yerli istehsal olan ammofosun Batumi dəniz limanı vasitəsilə dünya bazarlarına ixracı üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə edib. “Batumi Neft Terminalı” MMC-nin 100% payına malik olan “KazTransOil” (KTO) şirkəti, Qazaxıstan ammofosunun Orta Dəhliz vasitəsilə Batumi Dəniz Limanına çatdırılmasını həyata keçirib. Yükgöndərən isə “Kazfosfat” MMC-dir. İxrac həcmi 3 min ton Qazaxıstan ammofosunu təşkil edib. “KazTransOil” şirkətinin məlumatına əsasən, 2025-ci ildə Batumi dəniz limanında 50 min ton Qazaxıstan ammofosunun boşaldılıb yüklənməsi planlaşdırılır. Yeni yükgöndərənlərin cəlb edilməsi istiqamətində 2024-cü ildə Batumi Dəniz Limanı TBNM vasitəsilə dünya bazarlarına 37,6 min ton Qazaxıstan ammonium nitratının ilk tədarüklərini təmin edib. “Batumi Neft Terminalı” MMC öz körpüləri, texnoloji boru kəmərləri və rezervuarlarından istifadə edərək neft, neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazı və onların emalı məhsullarının yükaşırma, nəql və saxlanması xidmətlərini göstərir.
Bu kontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişlənməsi və onun yük daşımalarında artan rolu Orta Dəhlizin strateji əhəmiyyətini daha da ön plana çıxarır. Orta Dəhlizin inkişafı yalnız iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin genişləndirilməsi yük axınının sürətlənməsinə və yük daşımalarının səmərəliliyinin artırılmasına xidmət edib. Yük ötürücülük qabiliyyətinin artırılması Şərq-Qərb marşrutunun daha effektiv istifadəsini təmin edir. Bu layihələr Orta Dəhlizin Azərbaycanın tranzit potensialını maksimum səviyyəyə çatdırmasına imkan yaradıb. Bu inkişaf Çin ilə iqtisadi əlaqələrin möhkəmlənməsi ilə paralel olaraq regiondakı ticarət əlaqələrini daha da gücləndirir. Azərbaycan ilə Çin arasında iqtisadi və nəqliyyat əlaqələri son illərdə sürətlə inkişaf edib.
Bu dinamik inkişaf Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün güclənməsi ilə daha da sürətlənir. Bu təşəbbüs dünyanın ən iddialı iqtisadi layihələrindən biri olaraq 65 ölkəni və qlobal daxili məhsulun 40%-ni əhatə edir. Bu çərçivədə Orta Dəhlizin inkişafına investisiyalar qoyulub və yeni layihələr həyata keçirilib. Azərbaycan bu təşəbbüsə öz aktiv qatqılarını verərək vahid tarif sistemini tətbiq edib və "bir pəncərə" prinsipini həyata keçirib. Xəzər dənizi vasitəsilə yüklərin daşınmasında müasir logistika sistemlərinin tətbiqi Azərbaycanın beynəlxalq tranzit marşrutlarındakı mövqeyini daha da möhkəmləndirir.
Bu inkişafın təbii davamı olaraq Zəngəzur dəhlizi və Naxçıvanın əhəmiyyəti önə çıxır. Orta Dəhlizin inkişafında xüsusi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin yaradılması Naxçıvan ilə quru əlaqələrin bərpası və regionda ticarət əlaqələrinin daha da genişlənməsinə imkan verəcək. Zəngəzur dəhlizinin həyata keçirilməsi Azərbaycanın Avropa ilə Asiya arasındakı strateji mövqeyini daha da gücləndirəcək. Bu layihə yalnız ticarət əlaqələrini deyil, həm də regionun iqtisadi və siyasi mənzərəsini dəyişdirəcək.
Bu inkişaflar və müasir infrastruktur quruculuğu rəqəmsal texnologiyaların tətbiqi ilə daha da möhkəmlənir. Yüksək səviyyəli xidmətlər təqdim etmək məqsədilə Azərbaycanın nəqliyyat sektorunda müasir rəqəmsal texnologiyaların tətbiqi genişlənir. “ADY Ekspress” MMC-nin birləşdirilməsi konteyner və multimodal daşımaların səmərəliliyini artırır və müştərilərə daha sürətli və etibarlı xidmətlər təqdim edir. Bu, Azərbaycanın nəqliyyat sektorunun rəqabət qabiliyyətinin artmasına və yükdaşımaların şəffaflıq və təhlükəsizliyinin artırılmasına imkan verir. Bu istiqamətdə 2030-cu ilə qədərki proqnozlar daha da nikbindir. Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 30% artacağı gözlənilir. Bu artımın əsas səbəbi Orta Dəhliz və digər tranzit marşrutlarının inkişafıdır. Çin və Avropa arasında təxminən 9 min kilometr məsafə olsa da Orta Dəhliz bu məsafəni qısaldaraq daha sürətli və səmərəli daşımaları təmin edəcək. Nəticə etibarilə Orta Dəhliz Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat sahəsindəki strateji mövqeyini möhkəmləndirən və regional əməkdaşlığın inkişafına təkan verən bir layihədir. 2030-cu ilə qədər bu marşrutun inkişafı yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadiyyatına mühüm töhfələr verəcək. Bu proses, eyni zamanda, Azərbaycanın qlobal logistika və ticarət şəbəkəsindəki mövqeyini daha da gücləndirəcək, ölkənin iqtisadi və siyasi gücünü artıracaq.
Nigar Orucova, “İki sahil”