10 fevral 2025 23:58
128

Rəşadət zirvəsi

Rövşən Əbdülhüseyn oğlu Abdullayevin ömrü qısa olsa da, ölümündən sonra əbədiyaşarlıq qazandı. Birinci Qarabağ müharibəsində Vətən, millət yolunda canını fəda etməklə adını tarixə yazdı. Milyonların ürəyində özünə əbədi məkan quran qəhrəman Vətən oğlu ölkə başçının fərmanı ilə 1995-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şərəfli ömür yolu Vətəninə, torpağına məhəbbət mücəssəməsi olan Rövşən Abdullayev 1969-cu il Lerik rayonunda dünyaya göz açıb. Sonra ailəsi ilə birlikdə Lənkərana köçüb. 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə veriblər. O, Azərbaycana qayıdan kimi Daxili İşlər Nazirliyin əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılıb. Yağı düşmənin Qarabağ torpaqlarının işğalı gənc zabiti çox narahat edib. Odur ki, arzusunu nəzərə alıb onu Zəngilana göndərib və 70 nəfərdən ibarət tağımın komandiri təyin ediblər. 

Qəlbi Vətən, torpaq sevdalısı olan Rövşənin tağımı əvvəlcə düşmənin Qafan rayonunda yerləşən obyektlərini yerlə yeksan edib. 13 sentyabr 1993-cü il isə qəhrəman komandirin son döyüşü olub. Erməni faşistlərin qəflətən Zəngilan rayonunun Qazançı kəndinə hücum başlanıb. Rövşən döyüş yoldaşları ilə “QAZ-66” markalı avtomobilə əyləşib Qazançıya yollanıb, kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxıblar. Güclü atəşə məruz qalaraq ölüm-dirim savaşına giriblər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr edib, özü ağır yaralansa da, son nəfəsə qədər döyüşdən qalmayıb. Vətən naminə şəhid olub əbədiyyət adlı dünyasına qovuşub.

Rövşən Abdullayev Lənkəran şəhər qəbiristanlığında uyuyur. Həmçinin şəhərində ona abidə ucaldılıb. Doğma Lerikdə isə adına mədəniyyət evi, küçə vardır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü