Mədə və bağırsaq infeksiyalarına səbəb olan norovirus hadisələrinin sayı ABŞ-dan sonra İngiltərədə rekord qırmağa davam edir.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, son bir həftə ərzində gündə orta hesabla 961 xəstəxana çarpayısı ishal, qusma və norovirusa bənzər simptomlardan əziyyət çəkən xəstələrlə doldurulub.
Bu rəqəm əvvəlki həftə ilə müqayisədə 7 faiz artaraq mövsümün ən yüksək səviyyəsinə çatıb.
Məlumata görə, İngiltərədə qrip halları ardıcıl dördüncü həftə azalıb.
Ötən həftə xəstəxanalarda orta hesabla 2461 qrip xəstəsi olub, 122 xəstə reanimasiyada müalicə olunub. Əvvəlki həftə bu rəqəm 3019 olaraq qeydə alınmışdı.
Norovirus nədi?
Norovirus mədə və bağırsaqların iltihabına (qastroenterit) səbəb olan çox yoluxucu virusdur.
“Pall Mall Medical”dan Dr. Chun Tang deyib ki, norovirus çirklənmiş qida, su, səthlər və ya yoluxmuş şəxslə birbaşa təmas vasitəsilə asanlıqla yayılır: "O, həmçinin çirklənmiş səthlərə toxunaraq, sonra ağzınıza toxunmaqla və ya yoluxmuş şəxs tərəfindən hazırlanmış yeməkləri istehlak etməklə də ötürülə bilər".
Norovirus tez-tez qriplə qarışdırılsa da, “MedExpress”dən Dr. Ashwin Sharma, "Norovirus tənəffüs yollarına deyil, həzm sisteminə birbaşa təsir göstərir. Bundan başqa, bir çox insanlar özlərini yaxşı hiss etməyə başladıqdan sonra, artıq yoluxucu olmadıqlarını düşünür, lakin simptomlar getdikdən sonra virus iki həftə və ya daha çox yoluxucu qala bilər".
Kim risk altındadır?
Hər kəs norovirusa yoluxa bilər, ancaq qapalı məkanlarda virus daha asan yayılır. Dr. Tang deyib ki, məktəblər, xəstəxanalar və qocalar evləri kimi insanların sıx təmasda olduğu mühitlərdə norovirusun yayılma sürəti daha yüksəkdir.
Norovirusun əlamətləri hansılardır?
Norovirus infeksiyasının ümumi simptomlarına ürəkbulanma, ishal və qusma daxildir. Dr. Sharmanın sözlərinə görə, bəzi xəstələrdə qızdırma, baş ağrısı və əzələ ağrıları da ola bilər: "Bu simptomlar şiddətli və ya uzun müddət davam edərsə, tibbi yardım axtarılmalıdır".
Qorunma yolları
Özünüzü norovirusdan qorumağın ən təsirli yolu əl gigiyenasına diqqət yetirməkdir.
Dr. Tang deyib ki, virusdan qorunmaq üçün əlləri müntəzəm olaraq sabun və su ilə yumaq çox vacibdir: "Əl təmizləyiciləri norovirusa qarşı kifayət qədər təsirli deyil, buna görə də ənənəvi əl yuma üsulları ən yaxşı qorunmadır".
Mətbəx və hamam səthlərinin mütəmadi olaraq dezinfeksiya edilməsi, meyvə və tərəvəzlərin yaxşıca yuyulması lazım olduğunu da vurğulayan Tang, “Ətrafınızda norovirus daşıyıcısı varsa, birbaşa təmasdan uzaq durun və gigiyena qaydalarına daha çox diqqət yetirin. Semptomlar davam edərsə, həkimə müraciət edilməlidir", - deyə xəbərdarlıq edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”