05 fevral 2025 23:49
87

İsrail BMT-nin İnsan Hüquqları Şurasından çıxır

İsrail ABŞ-nin ardınca BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırmaq niyyətini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bəyanatla çıxış edib.

"Trampın BMT-nin İnsan Hüquqları Şurasında iştirak etməmək qərarını alqışlayırıq. İsrail ABŞ-yə qoşulur və Şurada iştirakını dayandırır", - Saar bildirib.

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurası demokratik dövlətə (İsrailə - red.) hücumlar və antisemitizmin yayılması üzərində cəmləşib.

"İnsan Hüquqları Şurasında İsrailə qarşı 100-dən çox qətnamə qəbul edilib, Bu, Şuranın qəbul etdiyi bütün qətnamələrin 20 %-dən çoxunu təşkil edir və İran, Kuba, Şimali Koreya və Venesuelaya qarşı qəbul edilən qətnamələrdən sayca çoxdur", - nazir vurğulayıb.

Saar həmçinin əlavə edib ki, İsrail artıq bu ayrı-seçkiliyə dözməyəcək.